Previous Next

OYUNCAQLARIN UŞAQLARIMIZIN İNKİŞAFINA TƏSİRİ

Müasir dövrdə elm və texnologiyanın inkişafı demək olar ki, həyatımızın bütün fəaliyyət növlərində öz əksini göstərir. Bunlardan biri də müasir oyuncaqların istehsal olunmasıdır. Övladlarına düzgün oyuncaq almaq sözün əsl mənasında valideynlər üçün böyük problemə çevrilib. Bəs övladlarımıza düzgün oyuncaqları necə seçək? Uşaqlara oyuncaq alarkən əsasən diqqət etməli olduğumuz  məsələlər hansılardır?

 Valideynlər övladlarına oyuncaq alarkən ilk növbədə onun harada satıldığına, oyuncağın harada istehsal olunduğuna fikir verməlidirlər. Daha sonra oyuncaqların keyfiyyətinə,  onların uşaqların sağlamlığına, inkişafına və tərbiyə olunmasına necə təsir edə biləcəyinə xüsusi diqqət yetirilməlidir. Çalışmaq lazımdır ki, alınan oyuncaqların istifadəsi gələcəkdə uşaqlarda aqressiya, nifrət, insanlara və heyvanlara qarşı ikrah hisləri formalaşdırmasın. Yaxşı olar ki, valideynlər oyuncaq almağa gedərkən uşaqları da özləri ilə birlikdə aparmasınlar. Çünki azyaşlı uşaqlar təbii olaraq, yaxşı ilə pisi ayırd edə bilmədikləri üçün onlara maraqlı gələn və daha fərqli olan oyuncaqlara üstünlük verəcəklər. Belə hallarda uşaqlar öz istədikləri oyuncaqları aldırmaq üçün ağlayacaq, müəyyən isterik tutmalar nümayiş etdirəcəkdir. Bunun da nəticəsində valideynlər övladlarına “təslim olur” və onların istədikləri uyğunsuz oyuncaqları almağa məcbur olurlar. Bununla da uşaqlarımızın inkişafında müəyyən problemlər yaranmağa başlayır.

Son dövrlərdə uşaqlar arasında bəzi təxribatlar aparmaq məqsədilə (daha çox cinsi meyil pozğunluğu) standartlara uyğun olmayan oyuncaqlar istehsal olunur. Bu cür oyuncaqlar təəssüf ki, uşaqların inkişafına öz mənfi təsirini göstərir. Eyni zamanda belə oyun vasitələrinin ölkəmizdə də satışa çıxarılması valideynləri və psixoloqları narahat edən əsas məsələlərdən biridir.

Oyuncaq alarkən əsas diqqət etməli olduğumuz məqamlar hansılardır?

·        Oyuncağın keyfiyyətli olması,

·        Oyuncağın rənginin düzgün seçilməsi,

·        Çoxfunksiyalı olmaması,

·        Materialının möhkəm olması və.s.

 

Valideynlər oyuncaq alarkən onların keyfiyyətli və möhkəm olmalarına  xüsusi diqqət yetirməlidirlər. Belə ki, uşaqlar ən çox sevdikləri oyuncaqlarını daha çox istifadə etdikləri üçün onların tez qırılma ehtimalları da artıq olur. Bu da uşaqların sevdikləri əşyalarından ayırdığı üçün onlarda müəyyən kiçik psixoloji sarsıntılar yarada bilər. Bu səbəbdən də möhkəm seçilən oyuncaqlar daha davamlı və daha uzunmüddətli olurlar.

Uşaqlara oyuncaq alarkən daha bir diqqət edilməli məqam onların rənginin seçilməsindədir. Parlaq rəngli oyuncaqların uşaqlara verilməsi məqsədəuyğun deyil.  Uşaqların bədən üzvləri (eyni zamanda görmə orqanları) yenicə inkişaf etdiyi üçün onların parlaq rənglərlə  çox təmasda olması uşaq pediatrları tərəfindən məsləhət görülmür.

Eyni zamanda yeni istehsal olunan çoxfunksiyalı oyuncaqlar da uşaqlar arasında ən çox sevilənlər arasındadır.  Bəzi valideynlərin fikrinə görə belə oyuncaqlar uşağın inkişafına müsbət təsir göstərir. Bəs gəlin baxaq, belə oyuncaqların uşaqların inkişafına təsiri necədir?

Çoxfunksiyalı oyuncaqlar bir növ uşaqların işini asanlaşdırır. Yəni uşaqlar özlərinin edə biləcəyi hansı bir şeyi artıq oyuncaqda hazır vəziyyətdə görürlər. Buna görə də belə oyuncaqlardan istifadə inkişaf etməkdə olan uşaqlarda müəyyən tənbəllik, rahatlıq və məsuliyyətsizlik yarada bilər. Bunun qarşısnı almaq üçün yaxşı olar ki, valideynlər uşaqlarına çoxfunksiyalı oyuncaqlar deyil, əksinə onların inkişafına müsbət təsir edəcək oyuncaqlar alsınlar.

Övladlarının oyuncaqları ilə bağlı valideynləri daha bir sual maraqandırır:

 Bəs uşaqlarımızın evdə olan oyuncaqları ilə oynamasına necə diqqət göstərməliyik?

Uşaqlara nəzarət etmək lazımdır ki, əsasən yumşaq materiallarda olan oyuncaqları yerə atıb ,daha sonra yenidən yerdən götürüb istifadə etməsinlər. Çünki bərk materiallarla müqayisədə yumuşaq materiallı oyuncaqlar daha çox mikrob və toz qəbul etdiyi üçün bu uşaqlara ikiqat mənfi təsir göstərir. Digər tərəfdən valideynlərə övladlarının  qırıq oyuncaqlarla oynamasına da icazə verməmələri tövsiyə olunur. Xüsusən 0-3 yaşlı uşaqların qırıq oyuncaqlarla oynamasına mane olmaq lazımdır. Qırılan oyuncaqlar daha asanlıqla hissələrə bölündüyü üçün uşaqların onları ağızlarına salması da asanlaşır. Belə halda isə övladlarımızın həyatı təhlükə altında olması qaçılmaz olacaqdır. Bu səbəbdən valideynlər xüsusilə analar ( və ya uşaq baxıcıları) uşaqları oyun oynayarkən belə nəzarətsiz qoymamalıdırlar.

Övladlarımızın sağlamlığına nə qədər diqqət etsək də, bəzən bunda bizdən asılı olmayan səbəblərə görə müəyyən əskiklər yaranır.Uşaqlarımızı qorumaq üçün onların sağlamlığına təsir edən oyuncaqların seçimində daha diqqətli olmağa çalışaq.

Azərbaycan Uşaq Qaynar Xətt Xidməti

"Ümidli Gələcək" Sosial Təşəbbüslər İctimai Birliyi 

Abunə ol

Yenilikləri emailinizdə almaq üçün abunə olun.

Bizi Facebook-da izlə!