Previous Next

UŞAQLARLA VİRUS HAQQINDA NECƏ DANIŞAQ?

Son zamanlar hər kəsin danışdığı bir mövzu var-COVİD-19. Həm böyükləri, həm də kiçikləri narahat edən bu virus barədə yəqin ki, bir çox məqlalələrlə tanışsınız. Əziz valideynlər, bəs bu virus barədə uşağınızla necə danışmalı olduğunuzu bilirsinizmi? Müxtəlif yaş qruplarına görə bu məlumatı onlara necə verək, necə izah edək ki, uşaqlarda yaranan həyəcan və qorxunu aradan qaldıra bilək. Bu sualınıza məqaləmizi oxuyaraq cavab tapa biləcəksiniz.

Uşağınız bu barədə sual verməzdən əvvəl, onunla oturub danışmaq ən düzgün yoldur. Sözsüz ki, artıq uşaqlar bu virus barədə müəyyən  məlumata sahibdirlər. Amma, uşağınıza faktiki məlumatlar verməklə, onlarda olan qorxu, narahatlıq hissini azaltmış olacaqsınız.

Söhbəti başlayarkən belə bir sual verə bilərsiniz: “Ətrafda gəzən koronavirus haqqında eşitmisən?” və ya “Virus haqqında nə bilirsən?” Kiçik-məktəbəqdər yaşlı uşaqlar üçün, bu tipli suallar, sizə onlarla  nə qədər danışmalı olduğunuza istiqamət verəcək. Əgər çox şey bilmirlərsə, onda söhbəti çox sadə, qısa tuta bilərsiniz. Uşağınız daha böyükdürsə, onlarla apardığınız söhbət, eşitdikləri səhv məlumatları düzəltməyə kömək edə bilər.

Uşağınıza yaşına uyğun olaraq məlumat verin. Kiçik yaşlı uşaq üçün, “Bəzi insanları xəstə edən yeni bir mikrob var. Ancaq, Ana və Ata evdə hər şeyi təmiz saxlayır, buna görə də, narahat olmaq lazım deyil”. Gündəlik gigyenik qaydaları onlara xatırlatmaqla, evdə kiçik təmizlik işlərinə onları cəlb etməklə, səmərəli vaxt keçirə və narahatlığı onlardan uzaqlaşdıra bilərsiniz

Məktəb yaşlı uşaqlar üçün söhbəti belə başlaya bilərsiniz: “Koronavirus haqqında çox qorxulu şeylər eşitmiş ola bilərsən. Bəzi insanlar xəstələnsə də, bu insanların heç biri bizim yanımızda yaşamır. Narahat olmaq əvəzinə, sağlam qalmağımız üçün gigiyenik qaydalar əməl etməliyik”.  Bu yaşlı uşaqları evdə görülən bəzi təmizlik işlərinə də cəlb edə bilərsiniz.

 Uşaq xəstələnməkdən çox qorxursa, ona deyə bilərsiniz: “Mikroblar həmişə olub. Ancaq normal bir həyat tərzi sürsək: otağı hər gün havalandırsaq, idmanla məşğul olsaq, düzgün qidalansaq, yəni bütün qaydalara əməl etsək, onda hamı sağlam olacaq! Əlbətdə ki, insan xəstələnə bilər, ancaq sonra sağalır. Nə qədər xəstələndiyimizi heç  xatırlayırsan?  

Daha böyük yaşlı uşaqlar üçün daha geniş məlumatlar vermək olar: Ətrafda çox səhv məlumatlar var. Koronavirus ciddi bir xəstəlik olsa da, əksər insanlar onu qəbul etmək istəmir, dırnaqarası yanaşırlar. Hal-hazırda, alimlər, həkimlər bu  virusun müalicəsini tapmaq üçün çalışırlar. Biz isə öz növbəmizdə, sağlamlığımızı qorumaq üçün, həkimlərin tövsiyələrinə qulaq asmalı, gündəlik gigiyenik təmizliyimizə diqqət ayırmalıyıq.

Əziz valideynlər bu söhbətləri onlarla aparakən, sakit və rahat olmalısız. Uşağınız sizin qorxunuzu,narahatlığınızı hiss etməməlidir. Bu onları daha da təşvişə sala bilər. Təmizlik qaydalarını xatırladarkən, bunu gündəlik vərdiş halına, hətta oyuna çevirməliyik. Əllərimizi  hər zaman yumağa məcbur deyilik, yalnız lazım olduqda bunu etsək, kifayətdir. Əks halda, bu hal həm biz böyüklərdə, həm də, uşaqlarda vəsvəsəyə səbəb ola bilər.

Unutmayın ki, uşaqlar valideynlərinin yanında olanda və onlarla vaxt keçirəndə  bu tipli həyəcan və qorxuları aradan qalxır. Evdə qaldığımız bu günlərdə onlarla vaxt keçirməyə, narahatlığımızı aradan qaldırmağa çalışaq.

GÜC BİRLİKDƏDİR!!!

 

 "Ümidli Gələcək" STİB-nin Psixoloqu Xoşqədəm Quliyeva 

            Məlumatları paylaşan zaman mənbə bildirməyiniz xahiş olunur

 

 

 

 

Azərbaycan Uşaq Qaynar Xətt Xidməti

"Ümidli Gələcək" Sosial Təşəbbüslər İctimai Birliyi 

Abunə ol

Yenilikləri emailinizdə almaq üçün abunə olun.

Bizi Facebook-da izlə!