Previous Next

Özümü tənha hiss edirəm..

 

“Özümü tənha hiss edirəm” düşüncəsi adətən yeniyetməlik yaş dövründən yaranmağa başlayır. Çünki bu dövrdə yeniyetmələr daha çox “Mən” mərkəzli olur. Məsələn: hər şey mənə edilsin, tələbatlarım ödənilsin, ən çox mən sevilim, öz qərarlarımı özüm verim və s. Bununla da daha çox diqqətdə qalmaq və fərqlənmək istəyirlər. Sadalananlar olmadıqda isə xəyal qırıqlığı yaşayır, insanlar tərəfindən sevilmədiyini hiss edir və mən tənhayam, təkəm deyə düşünürlər. Yeniyetməlik dövrünün çox həssas bir dönəm olduğunu deyə bilərik. Qeyd edilən və bu yaş dövrünə məxsus hallar təkcə ailədaxili münasibətlərdə deyil, həm də sosial çevrəsində, dostluq münasibətlərinin qurulmasında da özünü büruzə verir. Məsələn: dostlarınızla ünsiyyət zamanı əgər danışmaq istədiyiniz mövzuları deyil də, başqalarının xoşuna gələcək mövzuları seçməyə çalışarsınızsa, bu zaman özünüzün istəklərinə qarşı çıxaraq, heç kəsin sizi önəmsəmədiyi fikrinə düşüb özünüzü yalnız hiss edərsiniz. Sizi bu şəkildə davranmağa sövq edən istər utancaqlıq, istər özgüvən əksikliyi yaxud başqa hər hansı bir səbəb olursa olsun, yenə də nəticə dəyişməyəcək. Ətrafınızda çoxlu insanlar olsa belə özünüzü yalnız hiss etməyə davam edəcəksiniz.

Səmimi dostluqdan məhrum olmaq isə depressiyanın yaranmasına səbəb olan ən vacib amillərdən biridir. Dostlarınızla münasibətləriniz o qədər də yaxşı deyilsə, sıx münasibətiniz olduğu zamanlardakı kimi gününüzü maraqlı keçirə bilmirsinizsə, bu duyğularınızın sıxışdırılmasına gətirib çıxaracaqdır. Yalnızlıq tək olmaqdan ibarət deyil, həm də özünü tənha hiss etməkdir. Bir çox dostunuz olmuş olsa da, onların yanında hisslərinizi və düşüncələrinizi bölüşməyərək içinizə atdığınız üçün özünüzü tək hiss edərsiniz. Yaxın bir dostunuzla ünsiyyət qurmaq basdırılmış duyğulardan azad olmaq və kədərinizi yüngülləşdirmək üçün istifadə edə biləcəyiniz ən sağlam yollardan biridir.

Nəticə etibarı ilə bu hal sosial əhatədən uzaqlaşmağa, dostlarla olan ünsiyyətin azalmasına, dostluq əlaqələrinin bir növ qırılmasına gətirib çıxara bilər.

Tənhalıq hissini necə aradan qaldıra bilərik:

·        Tənhalığın öhdəsindən gəlməyə və bu problemi aradan qaldırmağa qərarlısınızsa, hisslərinizi, təcrübələrinizi və maraqlarınızı insanlarla bölüşməyə başlayın. Danışarkən başqalarının eşitmək istədiklərini deyil də, özünüzə maraqlı olan, danışmaq istədiyiniz bir mövzu seçin.

·        Özünüzə bu prosesin təkcə sizin yaşamınızda deyil, hər kəsin həyatının bir dönəminində rastlaşdığını, özünü tənha hiss etdiyini xatırladın.

·        Sizi dinləyən, sizə özünüzü yaxşı hiss etdirən, səmimi münasibət qura bildiyiniz insanlarla əlaqənizi davam etdirməyə çalışın.

·        Sosial şəbəkələrdə keçirdiyiniz vaxt son zamanlarda artıbsa, bunu azaltmağa çalışın.

·        Yeni təcrübələr qazanıb, maraqlı məlumatlar öyrənməyə istiqamətlənin.

·        Yalnızlığın içində özünüzü tək buraxmayın. Dostlarınızla, yaxınlarınızla birlikdə etdiyiniz maraqlı məşğuliyyətləri, gördüyünüz işləri tək olduqda belə etməyə çalışın.

 

Bütün bunları nəzərə alaraq qeyd edə bilərik ki, insanlarla əlaqələri gücləndirdiyiniz, ünsiyyəti artırdığınız, mənfi düşüncələrdən uzaqlaşdığınız, özünüzə daha çox vaxt ayırdığınız, maraq dairənizi genişləndirdiyiniz təqdirdə tənhalıq hissinin zamanla azaldığını hiss edəcəksiniz.

 

Azərbaycan Uşaq Qaynar Xətt Xidməti

"Ümidli Gələcək" Sosial Təşəbbüslər İctimai Birliyi 

Abunə ol

Yenilikləri emailinizdə almaq üçün abunə olun.

Bizi Facebook-da izlə!