Previous Next

Uşaqlara müharibədən necə danışaq?

Yaranmış vəziyyətlə bağlı indi hər kəs - uşaqdan böyüyə təşviş içindədir. Biz böyüklər, valideynlər olaraq əvvəlcə öz hiss etdiklərimizə fikir verməli onları yox saymamalıyıq. İstənilən kriz anında biz ilk öncə özümüzü ələ almağı, necə deyərlər sağ qalmağı bacarmalıyıq. Əgər biz nə baş verdiyini və nə etməli olduğumuzu biliriksə, ətrafımızdakı insanlara, yaxınlarımıza, uşaqlarımıza da dəstək ola bilərik!

Atası, qardaşı səfərbərliklə əlaqədar hərbiyə yollanan uşaqlarımıza bu vəziyyəti necə izah edək, onların suallarını necə cavablandıraq? Məqaləmizdə bu suallara cavab tapacaqsınız!

Çətin bir proseslərdən keçirik. Oxuduğumuz və izlədiyimiz xəbərlərdə müharibə və ölüm var. Bəs bu, uşaqların psixologiyasına necə təsir edir?

Uşaqlarda müharibəyə qarşı bir dünyagörüşü inkişaf etdirmək, müharibə və qəhrəmanlıq anlayışını birləşdirmək əvəzinə insanlara gətirdiyi əzabları öyrətmək lazımdır. Uşağın ağlındakı müharibə anlayışının bu şəkildə formalaşmasını təmin etmək daha yaxşı bir münasibət olardı.

Uşaqlar müharibə, böyük bir qəza və ya təbii fəlakətə şahid olduqda travma yaşayırlar. Xəbərlərdə hər gün belə hadisələrlə qarşılaşırıq. Bu xəbərlərin təqdimatı və məzmunu uşağda travmaya səbəb ola bilər.

Müharibənin psixoloji təsirləri uşağın yaşından, cinsindən, şəxsiyyətindən və uşağın mədəniyyəti ilə bağlı əvvəlki təcrübələrindən asılıdır. Hadisələrin xarakteri və uşağın həmin hadisələrə məruz qalması da vacib amillərdir. Psixoloji problemlər müharibədən qaynaqlanan digər problemlərdən yaranır - fiziki xəsarət, ailə üzvlərinin itkisi və s.

Uşağımızın izlədikləri xəbərlərdən təsirləndiyinin fərqində olmaya bilərik. Valideynlər uşaqlarına baxdıqları xəbərlərdən təsirlənib-təsirlənmədiklərini haradan anlaya bilərlər?

Stress, duyğu dəyişməsi beyin kimyasında dəyişiklik yaradır. Bu isə öz növbəsində uşaqda davranış dəyişikliyinə səbəb olur: aqressivlik, yuxu və qida rejimində dəyişiklik, ünsiyyətdən qaçma və.s hallar müşahidə oluna bilər. Davranışların bu cür dəyişməsi bizə, artıq övladımıza köməklə bağlı həyəcan siqnalı verir.  

Bu həyəcan siqnalını aldıqdan sonra övladımıza bu yöndə necə köməklik edə bilərik?

Bu yardıma ilk öncə özümüzdən başlamalıyıq. Çünki bizlər belə baş verənlərlə bağlı keçirdiyimiz narahatlıq, təşviş, stress və s. övladımıza ötürmüş ola bilirik. Keçirdiyimiz təlaş və stress, onlara kömək ehtiyacı anında bir sıra çətinliklər yaradır.

İlk öncə keçirdiyiniz hissləri, yaşadığınız gərginliyi öz yaxınlarınızla bölüşün. Bu sizə özünüzü daha yaxşı hiss etməyinizə və tək olmadığınızı qəbul etməyinizə kömək olacaqdır. Çünki yaşanan stress vəziyyəti, həyəcan, qorxu kimi hisslər paylaşdıqca, danışdıqca azalır. Ailənizlə, dostlarınızla baş verənlər barədə danışın. Özünüzün mənəvi rahatlığından sonra, artıq rahat şəkildə övladınıza yönələ, onların narahatlıqlarının aradan qalxmasına kömək ola bilərsiniz. Sizin mənəvi rahatlığınız onlar üçün çox önəmlidir.

Bu kimi məqamda onlara ən başlıca yanlarında olduğunuzu hiss etdirməli, bu yolla güvən verməyi bacarmalısınız. Onların düşüncə və fikrilərini dinləməli, mənfi təsir edən amilləri aşkar edib, aradan qaldırılması ilə bağlı addımlar atmalısınız. Ancaq görəcəyiniz tədbirləri ona hiss etdirmədən etməlisiniz.

Uşağın müharibə görüntülərinə baxmasını xüsusi olaraq qadağan etmək düzgün olmazdı. Çünki bu, onun bu mövzuda daha çox qayğılanmasına və narahatlıqlarının artırmasına səbəb olur. Görülməli olan şey, bu cür görüntülərlə qarşılaşdıqda uşağın bu məlumatları həzm etməsinə kömək etməkdir. Tez-tez bu haqda məlumatlar, xəbərlər eşidən bir uşaq əlbət ki, bu barədə sizə müxtəlif suallar verəcəkdir. Biz bir valideyn olaraq, onun suallarına yalan cavablar verməkdən çəkinməliyik. Əgər sual haqqında məlumatlı deyiliksə, ona bu haqda bilmədiyinizi söyləyə bilərsiniz.

Onların özlərini yaxşı hiss etdiyi şəraitdə daha çox zamanlarını keçirməsinə şərait yaratmalıyıq. Çalışın gün rejimi dəyişməsin. Əvvəl etdiyiniz işləri görməyə davam edin. Hətta gün ərzində uşağınızdan kömək istəyə, onunla birgə müəyyən ev işləri də görə bilərsiniz. Bu, birlikdə vaxtın səmərəli təşkilinə, həm sizin, həm də uşağınızın emosional cəhətdən daha yaxşı hiss etməsinə kömək olacaqdır.  

Uşağınızla daha çox söhbət edin. Keçirdiyiniz hissləri bir-birinizlə bölüşün. Onunla birgə səmərəli oyunlar oynayın. Şəkil çəkmək, boyama kimi fəaliyyətlər onların psixoloji inkişafı  üçün faydalı ola bilər.

Uşağın Güvəndiyi Valideyn, Cəsarət Və Sevgi İlə Yanındadırsa, Müharibə Və Soyqırıma Məruz Qalsa Da, Onun Həyat Üçün Böyük Ümidləri Ola Biləcəyi Ehtimalı Var.

 

 

Azərbaycan Uşaq Qaynar Xətt Xidməti

"Ümidli Gələcək" Sosial Təşəbbüslər İctimai Birliyi 

Abunə ol

Yenilikləri emailinizdə almaq üçün abunə olun.

Bizi Facebook-da izlə!