Previous Next

KÜTLƏVİ İNFORMASİYA VASİTƏLƏRİNDƏ UŞAQ VERİLİŞLƏRİNİN ROLU

 

 

XX   əsrin kəşfləri arasında kütləvi informasiya vasitələrinin, xüsusilə də televiziyanın əhəmiyyəti danılmazdır. Əyləndirmək öyrətmək funksiyası daşıyan televiziya nəinki biz böyüklərin, hətta azyaşlı uşaqların da həyatının bir hissəsinə çevrilib. Hazırda uşaqlar çox kiçik yaşda televiziya dünyasını aşkar edir. Bir çox tədqiqatlar göstərir ki, altı yaşdan kiçik uşaqlar gün ərzində orta hesabla iki saat televizor izləyir.

Müasir dövrdə bütün dünyada televiziyanın uşaqlara mənfi, yaxud müsbət təsir etməsi ciddi müzakirə mövzularındandır. Çünki müasir uşaqlar ailə mühitində belə, təkcə öz valideynləri ilə deyil, həmçinin televizorla da ünsiyyətdə olur.

Bəzi mütəxəssislərin fikrincə elmi məzmunu olmayan və sırf əyləncə xarakteri daşıyan verilişlər uşaqların zehni fəaliyyətlərini zəiflədir onların yaradıcılıq duyğularını əllərindən alır. Həmçinin, televiziya çox vaxt qiymətli saatların səmərəsiz keçməsinə gətirib çıxarır və uşaqların tərəqqisinə səbəb ola biləcək mütaliə, maraqlı oyunlar, idman və məktəbdən xaric fəaliyyətlərin qarşısını alır.

Los Ancels Universitetinin müəllimi, professor Vaksmen deyir: “Heç bir şübhə yoxdur ki, televizor ekranlarından yayılan elektromaqnit dalğaları insan orqanizminə ciddi surətdə mənfi təsir göstərir. Bu qısa dalğalar televizor, radioqəbuledici və digər elektrik avadanlıqları vasitəsilə yayılır. Bunun ilk təsirləri kimi baş ağrısı, baş gicəllənməsini göstərmək olar. Bu, tədricən insanda təfəkkür qüvvəsinin zəifləməsinə, qan təzyiqinin pozulmasına və iztirabların artmasına gətirib çıxarır. Bundan başqa, bu dalğalar əsəb sisteminə də mənfi təsir göstərir və müxtəlif xəstəliklərin yaranmasına səbəb olur”.

Bir çox hallarda televiziya uşaqlar üçün effektiv ola bilər, xüsusilə də elm və ya təbiət proqramları uşaqların biliyini və dünyagörüşünü genişləndirir. O, həmçinin dünya mədəniyyətini və dünya cəmiyyətini onlara təqdim edir.

İlk növbədə onu bildirək ki, televiziya uşaqları məlumatlandıran, maarifləndirən vasitədir. Düzgün seçilmiş proqram uşaqların xəyal gücünü, dünyagörüşünü artırır. Söz ilə görüntünün eyni anda verildiyi televizor uşaqların diqqətini çəkir və öyrənməni asanlaşdırır. Televiziya verilişləri uşağa böyüklərə hörmət, insanlararası münasibət, mərhəmət və bu kimi müsbət hisslər aşılayır.

Amma istənilən halda valideynin televizor qarşısında əyləşən uşağa ciddi nəzarəti olmalıdır. Axı uşaq verilişləri və filmlərinin özü də yaş kateqoriyalarına ayrılır. Bəllidir ki, televiziyanın təsir etmək imkanları çoxdur. Televiziya vasitəsilə kütlənin psixologiyasını belə dəyişmək mümkündür. Düzgün qurulmuş strategiya ilə mütəmadi olaraq işıqlandırılan hər hansı bir mövzunu şüuraltına yeritmək o qədər də çətin deyil. Cəmiyyətin mənəvi tərbiyəsi yönündən götürəndə televiziyanın birbaşa təsiri ilə yanaşı dolayısı ilə, yəni şüuraltına təsir etmək imkanları ilə effektli təsir edə bilir.

            XXI əsrdə internetin sürətlə yayılması inkişafı ilə televiziyanın əhəmiyyəti daha da artaraq, onu təsiretmənin ən kütləvi silahına çevirib. Ölkəmizə müxtəlif təmsilçilər tərəfindən gətirilən bütün uşaq verilişləri - animasiya filmləri, bədii filmlər, sənədli televiziya filmləri, əyləncəli maarifləndirən proqramlar psixoloqlar tərəfindən xüsusi diqqətlə seçilməli yalnız bundan sonra televiziyada yayımlanmalıdır. Adətən, belə mövzular uşaq verilişlərində açıqlanır ki, bunun da səbəbi hələ formalaşmayan dünyagörüşünü “lazımı” istiqamətə yönəltməkdir. Bu səbəbdən də yerli televiziyalarda, yerli mütəxəssislərin, uşaq valideynlərin rəyi nəzərə alınmaqla keyfiyyətli uşaq verilişlərinin hazırlanmasına ehtiyac var.

Uşaq proqramlarının əsas tələbləri bunlardır:

-  ilk növbədə səmimilik olmalıdır;

-  uşaqlar üçün nəzərdə tutulan verilişlər kortəbii şəkildə hazırlanmamalıdır;

-  uşağın yaşından asılı olaraq verilişin spesifikası müəyyənləşməlidir: kiçik yaşlı uşaqlar üçün mövzu vizuallıqla, yəni sadə, anlaşıqlı görüntülərlə çatdırılmalıdır;

-  mütləq müsbət dəyərlər aşılanmalıdır;

-  dəqiq auditoriya hədəf seçilməlidir.

              Televiziyada hazırlanan hər bir veriliş, o cümlədən uşaq verilişləri müəyyən tələblərə cavab verməlidir. Əgər veriliş uşaqlar üçün hazırlanırsa bu zaman ona verilən tələblər 2 tipdə olmaldır.

1.   Televiziya təcrübəsindən gələn tələblər.

2.   Psixoloji və pedaqoji incəliklərdən gələn tələblər.

            Demək olar ki, psixoloji və pedaqoji incəliklərdən gələn tələblər uşaq verilişləri üçün daha vacibdir. Çünki bu verilişlərin uşaqların şəxsiyyət kimi formalaşmasında, dünyagörüşünün artmasında bilavasitə rolu vardır.

Yaşadığımız “informasiyalı cəmiyyət”də kütləvi informasiya vasitələrinin əhəmiyyəti son dərəcə artır. Bunu daha çox televiziyaya şamil etmək olar. Artıq televiziya, demək olar ki, hər bir ailənin ayrılmaz bir üzvünə çevrilib. Uşaqdan böyüyə qədər hər kəs saatlarla onun qarşısında oturub tamaşa edir. Bu tamaşaçılar arasında daha çox uşaqları qeyd etmək istərdim ki, onların asudə vaxtları kifayət qədər çox olduğundan bu “dostlarından” heç ayrılmırlar. Televizor həm də bir növ valideynlərin ən yaxşı köməkçisinə çevrilib.

Hazırki dövrdə COVİD-19 Pandemiyası səbəbindən ölkə ərazisində tətbiq edilən Karantin rejimi ilə əlaqədar uşaqların evdən kənar fəaliyyətləri kifayət qədər məhdud çərçivədədir. Bu səbəbdən uşaqların evdə asudə vaxtını səmərəli keçirməsi üçün televiziya kanallarının daha aktual şəkildə fəaliyyət göstərməsi olduqca vacibdir. Bu gün Azərbaycan teleməkanında uşaq yeniyetmələr üçün bir sıra verilişlər mövcuddur. Lakin, sırf uşaq proqramları üzrə ixtisaslaşmış, uşaqların yaş xüsusiyyətlərini nəzərə alaraq verilişlər hazırlayan televiziya kanalı yoxdur.

İndi isə gəlin görək Azərbaycan teleməkanında yayımlanan uşaq və yeniyetmələr üçün nəzərdə tutulan verilişlərin keyfiyyət dərəcəsi necədir?

Azərbaycan teleməkanında fəaliyyət göstərən  ARB Günəş televiziya kanalında həftə içi saat 09:00-da efirə gedən “Mərcangildə” teleproqramına nəzər yetirsək görə bilərik ki, proqramın hər buraxılışında uşaqlara məlumatlandırıcı, intellektual səviyyəni artıran məlumatlar aşılanır.

ARB Günəş televiziya kanalında həftə içi saat 10:20-də yayımlanan “Çərpələng” teleproqramında isə izləyicilər tərəfindən çəkib göndərilmiş videoları, fotoçarxları, hava haqqında məlumatı, idman hərəkətlərini, istedadlı uşaqların çıxışlarını və heyvanlar haqqında məlumat videosunu izləmək mümkündür.

 Mədəniyyət TV-də mövcüd pandemiya səbəbindən təhsilin distant formaya keçidi ilə əlaqədar olaraq, Təhsil Nazirliyinin təşkilatçılığı ilə həftə içi hər gün saat 10:00-14:00 arası Azərbaycan bölməsi, 14:15-17:10 arası isə Rus bölməsi üzrə təhsil alan şagirdlər üçün “Dərs vaxtı” proqramı yayımlanmaqdadır.

Xəzər televiziya kanalında hər həftənin bazar günü saat 09:30-da “3 Balam” proqramı təqdim olunur. Proqramın əsas ideyası 3 uşağın mətbəxə daxil olaraq yemək bişirmə haqqında ilkin vərdişləri qazanmasını aşılamaqdır.

Televiziya cəmiyyətin bir növ güzgüsüdür. Belə ki, bizim həyatımızda baş verən hər bir hadisə (müsbət və mənfi) öz əksini mavi ekranlarda tapır. Burada televiziyanın mümkünlüyünün digər bir tərəfinə də diqqət yetirmək lazımdır - bu, uşaq və yeniyetmələrin istehlakı üçün nəzərdə tutulmayan və hətta qadağan olunan informasiyaların nəzarətsizliyidir. Zorakılıq, seksual davranış, sağlam olmayan həyat tərzi, ədəbsizlik, anti-ictimai həyat tərzi olan bir çox personajların həyatı müasir gənc və yeniyetmələrə olduqca mənfi təəssürat bağışlayır. Düzgün intellektual qidalanma əldə etmək imkanı olmadığından uşaq və yeniyetmələr əllərinə keçdiyi ilk şeyləri istehlak edirlər. Bundan başqa, bir çox proqramlar uşaq mövqeyini əks etdirirmiş kimi, tez-tez gizli, mətnaltı seksuallığı əks etdirir, açıqca zorakılıq və ictimai nöqteyi nəzərdən qəbul olunan həyat tərzinə etinasızlıq səhnələri nümayiş etdirilir. Qeyd edək ki, bir çox uşaqlar üçün televiziya böyük həyata başlanğıcın əsas yolgöstəricisi kimi başlıca olaraq informasiya mənbəyidir. Onlar məhz televiziyadan bu və ya digər situasiyada özlərini necə aparmağı öyrənir, televiziya qəhrəmanları onlara öz hərəkətlərinin stereotipini, əxlaqi normalarını və prinsiplərini zorla qəbul etdirirlər. Burada demək lazımdır ki, televiziya qəhrəmanlarının öyrətdiyi normalar onlara müəllimləri və valideynlərinin aşıladığı normadan nə qədər uzaqdır.

Əziz izləyicilər, yuxarıda biz sizlərə televiziyanın müsbət və mənfi tərəfərini müəyyən qaydada çatdırmağa çalışdıq. Siz də öz növbənizdə uşaqlarınızın izləməsi üçün televiziya proqramlarını seçərkən düzgün auditoriyaya ( yaş, məzmun və s.) ünvanlanmış TV proqramı seçdiyinizdən əmin olun. Çünki, uşaqların kiçik yaşlarında qazanmış olduğu bacarıq və vərdişlər onların bütün həyatları boyunca onlarla davam edir. Unutmayın ki, bu günün uşaqları sabahın Əsgəri, Müəllimi, Həkimi, Polisi və digər  sahələrin mütəxəssisləridir.

    

Azərbaycan Uşaq Qaynar Xətt Xidməti

"Ümidli Gələcək" Sosial Təşəbbüslər İctimai Birliyi 

Abunə ol

Yenilikləri emailinizdə almaq üçün abunə olun.

Bizi Facebook-da izlə!