17 May Beynəlxalq Uşaq Qaynar Xəttləri günüdür. Azərbaycanda Uşaq Qaynar Xətt (AUQX) xidməti fəaliyyətini 10 ildir ki, davam etdirir. Kənardan baxdıqda bəlkə də bu iş olduqca asan görünə bilər. Bir Qaynar Xətt xidməti əməkdaşının işi nə üçün çətin olsun ki? Zəng gəlir, dəstək qaldırılır, müraciət dinlənilir və sağollaşılır...
AUQX xidmətinin fəaliyyəti heç də yuxarıda sadalandığı üzrə davam etmir, burada ardıcıllıq da, göstərilən yardım istiqaməti də olduqca fərqlidir. Məqsədimiz ölkəmizdə yaşayan bütün uşaqların sədasına çevrilərək onların problemləri yalnız dinləmək və təsəlli vermək deyil, həm də həllinə müvəffəq olmaqdır. Bunun öhdəsindən gördüyümüz işdə bizə daima güvənən, dəstək olan insanlar, qurumlar olmadan təkbaşına gələ bilməzdik. 10 illik fəaliyyətimiz müddətində 42 000-dən artıq müraciətin cavablandırılmasını biz operatorlar həyata keçirsək də, problemin aradan qaldırılması, təxirəsalınmaz müdaxilənin edilməsində hər zaman tək olmamışıq. Bugün 17 May 2020-ci il tarixində bizlər Ümidli Gələcək STİB əməkdaşları, AUQX xidmətinin operatorları olaraq SİZlərə təşəkkürümüzü bildirmək istəyirik.
Hər zaman vurğuladımız kimi mövzu uşaqlar olduqda hər bir vətəndaşın həssas və duyarlı olması vacibdir. Problemləri görübgörməzdən gələrək, ört-basdır edərək onların yalnız dərinləşməsinə səbəb olarıq. Cəmiyyətimizin ən həssas təbəqəsi olan uşaqlarımızın qarşılaşdığı problemləri həll edə bilməkdən, Beynəlxalq Uşaq Qaynar Xətt Şəbəkəsinin üzvü olaraq regionlararası əməkdaşlığı qurub ölkəmizdə daha uğurlu fəaliyyətin davamı üçün daima inkişaf etməkdən qürur duyuruq! Unutmayaq, hər bir UŞAĞIn eşidilməyə, dinlənilməyə ehtiyacı var. Yalnız səsləri eşidildikdə onlar özlərini cəmiyyətin həqiqi üzvü hesab edə və potensiallarını ortaya qoyaraq uğur əldə edə bilərlər.
Biz inanırıq ki, heç bir uşağın naləsi eşidilməmiş qalmayacaq!