10 ildən artıqdır əhaliyə təmənnasız xidmət göstərən “Uşaq Qaynar Xətt” xidməti daima ailələrə yardım edir.
İstənilən cəmiyyətin ən həssas və qayğı tələb edən təbəqəsi uşaqlardır. Bu gün uşaqların qayğısız, problemsiz böyüməsini təmin edə bilməyimiz sağlam gələcəyin təminatıdır. Təəssüf ki, bəzi ailələrdə sıxılan, təzyiqlə üzləşən, hansısa hüquqları pozulan uşaq və yeniyetmələr olur. On ildən artıqdır ki, Azərbaycanda fəaliyyət göstərən Uşaq Qaynar Xətt xidmətinin əsas amalı da məhz bu cür uşaqlara və ailələrə kömək etməkdir. Yarandığı ilk gündən etibarən bu xidmətin əməkdaşları uşaqlara və övladları ilə bağlı müəyyən problem yaşayan ailələrə həm sosial xidmət göstərərək, həm də hüquqi yardım edərək azyaşlıları psixoloji və fiziki travmalardan qorumaq üçün onlara dəstək verirlər.
"Ümidli Gələcək" Sosial Təşəbbüslər İctimai Birliyinin təşəbbüsü ilə yaradılan, hətta sərt karantin dövründə də məsuliyyətli işini bir gün də olsun dayandırmayan bu layihənin fəaliyyəti haqqında “Uşaq Qaynar Xətt” xidmətinin direktoru Kəmalə Aşumovanın müsahibəsini təqdim edirik.
-İstərdik ki, “Azərbaycan Uşaq Qaynar Xətt” (AUQX) xidmətinin yaradılması tarixi və fəaliyyəti haqqında məlumat verəsiniz. Belə bir xidmətin yaradılması zərurəti nədən qaynaqlanırdı?
-“Ümidli Gələcək” Sosial Təşəbbüslər İctimai Birliyi artıq 19 ildən çoxdur ki, Azərbaycanda uşaq və gənclərin inkişafı, qaçqın və məcburi köçkün, əhalinin zəif təbəqələrindən olan insanların sosial, mədəni, təhsil və iqtisadi problemlərinin həllində fəal iştirak edir. Birlik Azərbaycan hökuməti tərəfindən həyata keçirilən dövlət proqramları və milli fəaliyyət planlarının icrasına töhfə verməkdədir. Təşkilat son 15 ildə Bakı və regionlarda sosial təhlükəli şəraitdə olan uşaq və gənclər üçün müxtəlif xidmət mərkəzlərini təsis edib. Bu mərkəzlər onların sosial, psixoloji, hüquqi, təhsil, səhiyyə problemlərinin həll olunması istiqamətində çalışır. 2010-cu ilin fevral ayından etibarən isə ölkəmizdə “Ümidli Gələcək” Sosial Təşəbbüslər İctimai Birliyi “Azercell Telekom” MMC və UNİCEF Azərbaycan ofisinin dəstəyi ilə MDB məkanında ilk “Uşaq Qaynar Xətt” xidmətini təsis etdi. Bu layihə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Təhsil Nazirliyinin əməkdaşlığı nəticəsində ərsəyə gəldi və bu gün də fəaliyyətini uğurla davam etdirir.
- Bu illər ərzində AUQX xidməti əsasən hansı yöndə fəaliyyət göstərib? Xidmətə müraciət edən uşaqlar və valideynləri hansı formada yardım alırlar?
- “Azərbaycan Uşaq Qaynar Xətt” xidmətinin əsas məqsədi problemlə üzləşmiş hər bir uşağa sosial xidmət, psixoloji və hüquqi yardım göstərməklə yanaşı emosional dəstək olmaqdır. Qaynar Xətt uşaqların üzləşdiyi çətinliklərin və problemlərin həllinə dair məsləhətlər verir və ehtiyac olduğu halda, müraciətləri digər müvafiq xidmətlərə yönləndirərək təxirəsalınmaz kömək göstərir.
“Uşaq Qaynar Xətt” xidməti problemi olan hər bir uşağa yardım etməyə hazırdır. Məqsədimiz 18 yaşına çatmamış uşaqların və onların problemi ilə əlaqədar müraciət edən hər bir şəxsin yanında olub dəstək göstərməkdir.
Qaynar Xəttə ailələrdə çətinliklə üzləşən uşaqlarla yanaşı, həm də dövlət uşaq müəssisələrində qalan və küçədə yaşayan baxımsız uşaqlar müraciət edir. Xidmət istənilən növ istismara və zorakılığa məruz qalan, psixoloji və emosional problemlərlən əziyyət çəkən , hüquqları pozulmuş və ya qanunla münaqişədə olan uşaq və yeniyetmələri əhatə edir. Biz həmçinin xüsusi qayğıya və müdafiəyə ehtiyacı olan, fiziki və əqli imkanları məhdud olan, sosial baxımdan təhlükəli vəziyyətdə yaşayan ailələrin uşaqlarına da yardım edirik. Azərbaycan Uşaq Qaynar Xətt xidməti fəaliyyətini 24 saat xidmət göstərən 116111 qısa nömrəsi və + 994 50 680 22 80, +994 51 580 22 80, +994 51 880 11 80, +994 51 880 22 80 mobil nömrələri, elektron poçt, internet səhifəsi, facebook və instagram sosial şəbəkələri və “uşaqqaynarxetti” mobil əlavəsi vasitəsilə həyata keçirir.
Qeyd edim ki, 116111 qısa nömrəsi Azərbaycan Respublikası Rabitə, Nəqliyyat və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən istifadəyə verilib.
-Ümumi nəticələrdən danışsaq, Uşaq Qaynar Xətt xidmətinə daha çox hansı sahədəki problemlərlə bağlı müraciət olunur? Müraciətlərin əksəriyyəti daha çox Bakıdan və ya bölgələrdən daxil olur?
- Uşaq Qaynar Xətt xidmətinə daha çox psixoloji problemlər, həmçinin sosial və təhsil sahəsi ilə bağlı zənglər daxil olur. Ərazi üzrə bölgüdən danışsaq, Bakı şəhərindən olan müraciətlər çoxluq təşkil edir.
- Hansı növ müraciətlərin həlli AUQX üçün daha çox çətinlik yaradır?
- Bəzən bizə uşaqların səhiyyə hüququnun təmin olunması (ağır xəstəliyi olan uşaqların müalicəsinə dəstək) və ünvanlı sosial yardımların təyin olunması ilə bağlı zənglər daxil olur. Təəssüf ki, bu məsələlərin həlli AUQX səlahiyyətlərinə aid deyil. Bununla belə, bu istiqamətdə müraciət edənləri mütləq şəkildə müvafiq aidiyyətli qurumlarla əlaqələndiririk.
-Dünya praktikasında bizneslər bu tip sosial təşəbbüslərə daima dəstək verir. Maraqlıdır “Azərbaycan Uşaq Qaynar Xətti”nin fəaliyyətini hansı şirkətlər dəstəkləyir və bu tərəfdaşlığın önəmi nədir?
- AUQX xidməti ilk gündən etibarən məhz Azercell-in maliyyə dəstəyi ilə fəaliyyət göstərir və bu dəstək indiyədək davam etməkdədir. Azercell bu xidmətə bir layihə kimi yanaşmır, onun həm də sosial proqram olduğunu nəzərə alaraq xidmətin tanıdılması istiqamətində təşkilatımıza mütəmadi olaraq yardım göstərir. Azercell müxtəlif tədbirlərin təşkilində yaxından iştirak edir və hətta təşkilatçı rolunu da öhdəsinə götürür. Bundan əlavə, AUQX-ni dünyanın istənilən nöqtəsindən əlçatan edən Mobil Əlavəsinin yaradılması da məhz “Azercell Telekom” MMC-nin maliyyə dəstəyi nəticəsində mümkün olub.
Bununla yanaşı, koronavirus pandemiyasının tüğyan etdiyi bir dövrdə, may ayından etibarən UNİCEF və USAİD “Uşaq Qaynar Xətt” xidmətinin genişləndirilməsi və əhali arasında maarifləndirmənin artırılması məqsədi ilə bizə maliyyə dəstəyi göstərmişdilər.
- Hansı problemlərlə bağlı uşağın yaşadığı ailəni ziyarət etmək məcburiyyətində qalırsınız? Ailələr sizin işinizə yardım göstərirlərmi? Elə bir uşaq, ailə olurmu ki, onunla bir neçə dəfə görüşəsiniz, durumu müəyyən müddət ərzində izləyəsiniz?
-Zəng edən uşağın, yaxud övladı ilə bağlı yaşadığı problemi izah edən valideynin müraciətində uşağın həyatına təhlükə yarada biləcək hər hansı durum aşkar olunduğu zaman dərhal araşdırma aparılır və müvafiq tədbirlər görülür .
Məsələn, operatorlar zəng zamanı uşaq və ya yeniyetmədə özünəqəsdə meyllilik, mənfi emosiyalar hiss edə bilər. Həmçinin, bəzən uşaqların özləri də müraciət zamanı bizi fiziki və ya cinsi zorakılıq haqqında məlumatlandırırıar. Belə hallarda valideynlərdən biri, xüsusilə analar problemə müdaxilə etməyimizə dəstək olurlar. Bu kimi ailələrdə biz tərəfdən 4-6 ay ərzində reabilitasiya işi də aparılır.
-2020-ci ilin böyük hissəsini COVID-19 pandemiyasının nəticəsi olaraq karantin rejimində keçirdik. Əhalinin evdən çıxması qadağan olunduğu bir vaxtda, bu dərəcədə önəmli və həssas bir sahədə işləyən AUQX xidməti işini necə qurdu?
-COVID-19 virusunun yayılması ilə əlaqədar görülən tədbirlər çərçivəsində “Uşaq Qaynar Xətti” bütün qaydalara riayət edərək fəaliyyətini gücləndirilmiş iş rejimində davam etdirdi. Qaynar Xəttə daxil olan zəngləri cavablandırmaqla yanaşı, sosial şəbəkələrdə valideynlər və uşaqlar üçün xüsusi məqalələr də dərc etdik.
6 aylıq pandemiya dövründə sosial-psixoloji, həmçinin hüquqi yardıma ehtiyacı olan uşaqlara və onların ailələrinə yaxından yardım göstərmək üçün rəqəmsal fəaliyyətimizi genişləndirərək qaynar xəttin təbliğini davam etdirdik.
COVID-19 pandemiyasının ən gərgin dövründə - may ayı boyunca UNİCEF və USAİD-in təşkilatçılığı ilə Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzinin əməkdaşları ilə birgə məktəb psixoloqları üçün 5 günlük online təlimlər təşkil etdik. Təlimlərdə pandemiya dövründə uşaqlar və yeniyetmələrdə yarana biləcək psixo-emosional gərginliklərin məktəb psixoloqları tərəfindən müəyyənləşləşdirilməsi və profilaktikası, uşaqların karantindən sonra məktəbə uyğunlaşmaları ilə bağlı məsələlər müzakirə olundu.
-Maraqlıdır, pandemiya dövründə daxil olan müraciətlərin sayı və xarakteri digər dövrlərdən nə dərəcədə fərqlənib?
-Bütün dünya üçün qlobal bir problemə çevrilən pandemiya insanların sağlamlığına və həyatına təhlükə yaratdı. Amma bununla yanaşı, həm də insanların ənənəvi həyat tərzini kökündən dəyişdi. Təhsil ocaqlarının bağlanması, uşaq və gənclərin bir-birindən izolyasiyası, canlı ünsiyyətin məhdudlaşması psixo-emosional problemlərin çoxalması ilə nəticələndi. “Uşaq Qaynar Xətti” özünütəcridin hökm sürdüyü bu gərgin dövr ərzində uşaqlara hər cür dəstək olmağa calışdı.
-Artıq yeni tədris ili başladı. Bu dəfə pandemiyaya görə ölkəmizdə təhsil prosesi tam fərqli formada təşkil olunur. Bununla bağlı uşaqlar və valideynləri narahatlıq keçirirlər. Bu mövzu ilə bağlı müraciətlər daxil olurmu?
-Təhsil hüququna dair zənglər hər zaman AUQX statistikasında olub. Artıq avqust ayının sonlarından uşaqların məktəbə qayıdışı, tədris prosesinin bərpası, valideynlərin övladlarının səhhəti ilə bağlı narahatlıqları ilə əlaqədar suallar daxil olmaqdadır. Valideynlərin müraciətlərini məsələyə həm sosial-psixoloji, həm də hüquqi aspektlərdən yanaşaraq cavablandırırıq. Əgər müraciət edən uşaq və ya yeniyetmədirsə, o halda ona müvafiq psixoloji xidmət göstərilir və COVID-19 virusu ilə bağlı narahatlığın aradan qaldırılması istiqamətində işlər görülür.
-Azercell daima AUQX tərəfindən görülən işlərlə bağlı mətbuata açıqlama verir. Bu nəticələrin monitorinqinə əsasən AUQX xidmətinin fəaliyyətində hansısa dəyişikliklər etmək, yeni növ xidmət forması yaradılması nəzərdə tutulurmu?
-Biz tərəfdən AUQX tanıtımını genişləndirmək məqsədilə növbəti 6 ay üçün geniş fəaliyyət planı hazırlanır. Bu planda televiziya və sosial şəbəkələrdə yayım məqsədilə maarifləndirici video animasiyaların hazırlanması, AUQX Mobil Əlavəsinin reklamının gücləndirilməsi, dövlət qurumlarının saytlarında maarifləndirici məlumatların dərc edilməsi, AUQX-nin sosial şəbəkələrdə rəsmi səhifələri vasitəsilə təlimlərin və canlı efirlərin həyata keçirilməsi nəzərdə tutulur.
2) https://m.haqqin.az/news/190275
6) https://www.instagram.com/p/CFkMEo-H8DC/?igshid=1k1smjvwv6ig5
7) https://www.instagram.com/p/CFkMEo-H8DC/?igshid=1k1smjvwv6ig5