Ümidli Gələcək” Sosial Təşəbbüslər İB-nin xidmət mərkəzlərindən biri olan “Azərbaycan Uşaq Qaynar Xətt” xidməti maarifləndirmə tədbirlərini davam etdirir.
Növbəti silsilə tədbir 14.09.2022-ci il tarixində Bakı şəhər Baş Polis İdarəsi və Suraxanı rayon Polis İdarəsi ilə əməkdaşlıqda “Suraxanı Gənclər Evi ”ndə baş tutmuşdur.
Başlanğıc olaraq, tədbirdə Azərbaycan Respublikasının dövlət himni səsləndirilmiş və ölkəmizin ərazi bütövlüyü uğrunda canını fəda etmiş Şəhidlərimizin əziz xatirəsi 1️⃣ dəqiqəlik sükutla yad edilmişdir.
Daha sonra tədbir zamanı yetkinlik yaşına çatmayanlara dəstək xidməti göstərən “Azərbaycan Uşaq Qaynar Xətt”-i haqqında (xidmətin yaranma tarixi, məqsədi, fəaliyyət istiqamətləri, mütəxəssis heyəti, əməkdaşların əsas vəzifələri, əsas iş prinsipləri, müraciətlərlə bağlı göstərilən xidmətlər və s.) məlumat verilmiş, həmçinin, “Uşaq Hüquqlarının Müdafiəsi”, “Zərərli vərdişlərin mənfi təsirləri”, “Uşaqlara qarşı edilən zorakılıqla mübarizə” mövzularında müzakirələr aparılmışdır.
Əlavə olaraq hazırlanmış təqdimat, çap materialları tədbir iştirakçılarının diqqətinə çatdırılmış, son olaraq isə iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır.