Previous Next

İmtahan qabağı stressin yaranma səbəbləri və onlarla mübarizə

İmtahan qabağı stressin yaranma səbəbləri və onlarla mübarizə.

Son dövrlər istənilən sahədə biliklərin qiymətləndirməsinin testlərdən istifadə üsulu ilə  aparılması dövrümüz üçün yeni hesab edilən imtahan qabağı stress anlayışının yaranmasına səbəb olmuşdur. Belə ki, bu imtahanlar yalnız biliyi qiymətləndirmir, eləcə də onların gələcək həyatını müəyyənləşdirir.

Bəs bu stressin yaranma səbəbləri hansılardır və onlarla necə mübarizə aparmaq lazımdır?

İmtahan qabağı stressin yaranma səbəblərini üç kateqoriyada qruplaşdıra bilərik:

1.     Valideyn faktoru;

2.     Şəxsi keyfiyyət faktoru;

3.     Sosial mühit faktoru.

Təbii ki, hər bir valideyn övladının uğurlu olmasını, gələcəyini daha yaxşı qurmasını istəyir. Lakin əksərən biz valideynlər bu istəyin əsirinə çevrilərək övladlarımızla illərlə qurduğumuz bağların onların ən həssas dövründə zədələnməsinə səbəb oluruq.  Valideyn faktoru dedikdə övladlara daima təzyiq göstərilməsi, camaatın uşağı ilə müqayisə edilməsi, gözləntilərin reallığa uyğun uyğunlaşdırılması və maddi xərclərin daima xatırladılmasını sadalaya bilərik.

Şəxsi keyfiyyət faktoru – yadda saxlamaq lazımdır ki, necə deyərlər beş barmağın beşi də bir olmadığı kimi bütün uşaqlardan da eyni uğuru və ya eyni nəticəni gözləmək olmaz. İndividual bacarıqların düzgün qiymətləndirilməsi uğura aparan yolda ən mühüm məsələlərdəndir. Nəzərə almaq lazımdır ki, uşaqların dərs oxuma vərdişləri uzun illər ərzində formalaşmışdır və onları bir neçə günün içində dəyişmək demək olar ki, mümkünsüzdür. Yaxşı olar ki, məhz mövcud vərdişlərə istinad edilən yeni öyrənmə texnikaları inkişaf etdirilsin.

Valideynlər tərəfindən daima ətrafdakılarla müqayisə edilən uşağın özünüqiymətləndiməsi olduqca aşağı düşür və beləliklə uşaq çox asan istənilən şəxsin təsirinə düşə bilir.

Yəqin ki, yuxarıda sadalanan səbəblər sizlərdən əksəriyyətinə tanışdır. Təəssüf ki, problemləri doğuran səbəblərin fərqində olmaq hələ onların həll ediləcəyindən xəbər vermir. Bəs bu stressi aradan qaldırmaq üçün hansı mübarizə üsullarından danışa bilərik?

1.     Valideyn-övlad əməkdaşlığının qurmaq – uşaqlar bilməlidirlər ki, valideyn sevgisi imtahan bağlarından asılı olaraq dəyişmir, bunu isə onlara mütəmadi olaraq valideynlər xatırlatmalıdır.

2.     Gözləntilərin reallığa uyğunlaşdırmaq – hər bir şagird və ya tələbə çalışmalıdır ki, bilik imkanlarını reallığa uyğun qiymətləndirsin və hədəflərini əlçatan səviyyədə müəyyənləşdirsin. Tutaq ki, bir şagird biologiya fənnindən istənilən informasiyadan məlumatsızdır və gələcəkdə həkim olmaq arzusundadır. Mütəmadi hazırlıqlara baxmayaraq heç bir məlumatı mənimsəyə bilmir. Belə olduğu halda mütləq real şəraiti nəzərə almaq lazımdır. Bu qaçınılmazdır ki, həkim olmaq üçün istərsə hazırlıq dövründə istərsə də sonradan daima biologiya oxumalı olacaqdır. Bu isə mümkün olmadıqda demək ki, xəyalların istiqamətini  bir qədər dəyişmək lazımdır.

3.     Biliklərin düzgün fokuslaşdırmaq -  İmtahana qısa müddətin qalmasından narahat olan abituriyentlər bu vaxta qədər mənimsədiyi bilikləri təkrarlamaq yerinə çalışır ki, yeni biliklərə yiyələnsin. Bildiyin və öyrəndiyin mövzulara fokuslaşmaq hər zaman ən yaxşı üsullardan biridir.

4.     Bir suala ilişib qalmaq – Əgər bir neçə testin cavabını dalbadal bilmiriksə onda həyəcanlanmağa başlayırıq ki, bu da bildiklərimizi unutmağımıza səbəb olur və beləliklə də, stressin dərəcəsi çoxalmış olur. Belə olduğu halda “mən bunu mütləq bilməliyəm”, “oxumuşdum”, “çox asandır bunu necə unuda bilərəm” tipli düşüncələrlə psixoloji gərginliyi çağırmaq əvəzinə bir neçə saniyə fasilə edərək dərindən nəfəs alıb gərginliyi azaltmağa nail ola bilərik.

5.     Fənnləri başqalarının fikrinə əsaslanaraq sıralamaq – 8 ballıq və 4 ballıq olmaqla fənnləri bölüşdürmək yerinə özünə ən çox arxayın olduğun fənndən başlamaq lazımdır. Ola bilər ki, kimin üçünsə riyaziyyatdan başlamaq ən doğrusudur, amma siz tapşırıqların həllində bir qədər ləngsiniz. Unutmamaq lazımdır ki, hər bir şəxs fərqlidir və digəri üçün uğurlu hesab edilən metodika sizə uyğun olmaya bilər. Ona görə də öz uğurlu metodikanızı kəşf etməyə çalışın.

Həyəcanlaraq stressə aludə olmanın uğur əldə etməklə tərs mütənasib olduğunu Unutmayın. Ən yaxşısı hədəf seçərək ona doğru əmin addımlarla irəliləməkdir. Bu keşməkeşli yolda sizlərə uğurlar arzu edirik.

 

 

Azərbaycan Uşaq Qaynar Xətt Xidməti

"Ümidli Gələcək" Sosial Təşəbbüslər İctimai Birliyi 

Abunə ol

Yenilikləri emailinizdə almaq üçün abunə olun.

Bizi Facebook-da izlə!