Previous Next

17 MAY Beynəlxalq Uşaq Qaynar Xəttlər Günüdür

İlk Uşaq Qaynar Xətt (UQX) xidməti 1990-cı illərdə Hindistanda küçə uşaqlarına yardım məqsədilə yaradılmışdır. Hazırda 140-dan çox ölkədə UQX-lər fəaliyyət göstərir. Sonuncu statistikaya əsasən Beynəlxalq UQX-yə daxil olan zənglərin sayı 20 milyondan artıqdır.

Azərbaycanda bu xidmət nə vaxtdan fəaliyyət göstərir?

Azərbaycan Respublikası Təhsil Nazirliyi və Uşaq Hüquqları üzrə Azərbaycan QHT Alyansı və onun katibliyi fuksiyasını həyata keçirən “Ümidli Gələcək” Gənclər İctimai Birliyinin əməkdaşlığı əsasında və Azercell Telekom Şirkətinin mühüm texniki və maliyyə dəstəyi ilə, habelə UNİCEF, “Uşaqların Xilası” və “Dünyaya Baxış” beynalxalq təşkilatlarının dəstəyilə “Azərbaycan Uşaq Qaynar Xətt Xidməti” 2009-cu ildə fəaliyyətə başlamışdır. 18 fevral 2010-cu ildə onun təntənəli rəsmi açılışı olmuşdur və geniş ictimaiyyətə bu barədə telekanallar, radio, internet və mətbuat vasitəsilə məlumat verilmişdir.

 

Azərbaycan Uşaq Qaynar Xətt (AUQX) Xidməti 2007-ci ildən bugünə qədər (11 ildir) 24 saat ərzində 4 mobil telefonu, 1 şəhər telefonu, facebook səhifəsi (https://www.facebook.com/AzerbaijanChildHelpline/) və internet səhifəsi (http://www.childhelpline.az)  vasitəsilə aktiv fəaliyyət göstərir. Eyni zamanda Qaynar Xəttin İOS və Android sistemlər üçün nəzərdə tutulmuş mobil əlavə yaradılmışdır. Mobil əlavənin yaradılmasında əsas məqsəd xidmətin əhatə dairəsini genişləndirmək və xidməti uşaqlar üçün daha əlçatan etməkdən ibarətdir.

Bəs Uşaq Qaynar Xətt xidməti nədir?

Uşaqlar adətən üzləşdikləri problemlər barəsində valideynlərinə və yaxınlarına danışmaqdan çəkinir, öz hisslərini digərlərindən gizlədir, düşdükləri vəziyyətdən çıxış yolu tapmaqda çətinlik çəkir, ən əsası onlara qarşı baş vermiş haqsızlıq, qanun pozuntusu və zorakılıq barəsində digər insanlara danışmaqdan qorxurlar. Bu və ya digər ağır psixoloji sarsıntı vəziyyətinə düşmüş uşaqların durumu getdikcə daha da ağırlaşır, problemlər daha da dərinləşir və nəticədə xeyli sayda mənfi hadisələr baş verir.

Belə hallarda uşaqlar psixoloji dəstək, məsləhət almaq, bir sözlə, öz hisslərini bölüşmək üçün Azərbaycan Uşaq Qaynar Xətt xidmətinə müraciət edə bilərlər.

Regional Uşaq Qaynar Xəttləri

Azərbaycanın bölgələrində emosional-psixoloji, eləcə də mənəvi və hüquqi yardıma ehtiyacı olan, lakin hara müraciət edəcəyini bilməyən minlərlə uşaq var. Həmin uşaqlara və onların valideynlərinə dəstək olmaq, onlara lazımi məsləhətlər vermək və müxtəlif icma əsaslı sosial təhsil, hüquqi və həmçinin reabilitasiya xidmətlərinə yönəltmək üçün Ümidli Gələcək GİB Təhsil Nazirliyi Gəncə şəhər İcra Hakimiyyəti ilə əməkdaşlıqda və Azercell Telecom Şirkətinin dəstəyi ilə 2014-ci ildə Gəncə şəhərində Gəncə Regional Uşaq Qaynar Xətt xidmətini təsis etmişdir.

2018-ci ilin aprel ayında Ümidli Gələcək GİB Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi ilə əməkdaşlıqda və Azərcell şirkətinin mühüm texniki və maliyyə dəstəyi ilə Göygöl Uşaq və Ailələrə Dəstək Mərkəzində (UADM) Regional Uşaq Qaynar Xətt Xidmətini yaratmışdır. Göygöl Regional Uşaq Qaynar Xətt xidmətinin əməkdaşlarına təşkilatın mütəxəssisləri tərəfindən Qaynar Xəttin iş prinsipləri, Telefon vasitəsilə yardım və onun xüsusiyyətləri mövzusunda 2 günlük təlimlər keçirilmişdir.

Qaynar Xəttin operatorları kimlərdir?

AUQX-nin işçi heyəti uşaqlarla iş sahəsində geniş təcrübəyə malik olan psixoloq, sosial işçi və hüquqşünaslardır. Zəng etdikdə QX-in əməkdaşları sizi dost kimi dinləyəcək, problemlərinizi aydınlaşdırmanızda mütəxəssis kimi sizə yardımçı olacaq və daim sizə hörmətlə yanaşacaqdır.

Qaynar Xəttin Əlaqə nömrələri aşağıdakılardır:

012 480 22 80                                      050 680 22 80                051 580 22 80

051 880 11 80                                      051 880 22 80

Unutmayın! Qaynar Xəttə daxil olan bütün müraciətlər konfidensial və anonim saxlanılır.

Yalnız ehtiyac olduğu təqdirdə zənglərlə bağlı məlumatlar digər lazımi qurumlara ötürülə bilər.

Azərbaycan Uşaq Qaynar Xətt Xidməti

"Ümidli Gələcək" Sosial Təşəbbüslər İctimai Birliyi 

Abunə ol

Yenilikləri emailinizdə almaq üçün abunə olun.

Bizi Facebook-da izlə!