Previous Next

UŞAQLARDA ÖZGÜVƏN PROBLEMİ

              UŞAQLARDA ÖZGÜVƏN PROBLEMİ

Özgüvən istər böyüklər, istərsə də kiçik  uşaqlar üçün ən çox önəm kəsb edən duyğudur. Özgüvən hissi uşaqlarda artıq kiçik yaşlardan etibarən formalaşmağa başlayır. Əsasən, 3-4 yaş uşaqlarda övgüvənin formalaşması dövrünün başlanğıcıdır. Ümumiyyətlə özgüvən insanın özünə verdiyi qiymət və onun başqaları tərəfindən qiymətləndirilməsidir.  Uşaqlarda özgüvən duyğusunun yaranmasında valideynlərin çox böyük rolu vardır. Onlar uşaqlara kiçik yaşlarından özgüvən və özünəinam hissini aşılamalıdırlar. Bunun üçün valideynlər uşaqlarına tez-tez;

·        Mən səni çox sevirəm,

·        Sənə çox dəyər verirəm,

·        Sənin qərarlarına, fikirlərinə hörmət edirəm,

·        Sənin düzgün qərarlar verəcəyinə inanıram,

·        Sənin səhvlərin də olacaq, lakin mən sənin səhvlərin olduqda belə yanında olacağam və s.

Bu kimi ifadələri mütəmadi olaraq deyən valideynlərin uşaqları daha özgüvənli olur. Çünki uşaqlar valideynlərinin daim onların yanında olduğunu, təkcə uğurlarında deyil, eyni zamanda səhv qərarlar verdikdə belə valideynlərinin dəstəyini hiss etmək istəyir. Elə bu səbəbdən də, əsasən kiçik yaşlı övladı olan valideynlər daha diqqətli olmalıdırlar.

Uşaqlarda özgüvən hissinin yaranmasında ailədən sonra ətraf mühitin rolu böyükdür. Uşaqların dostları və yaşıdları ilə münasibəti onlarda özgüvən və özünəinam hissinin yaranmasında , formalaşmasında  böyük əhəmiyyət kəsb edir. Ətrafdakı insanlar tərəfindən mənfi təsirlərə məruz qalan uşaqlar daha çox bu hislərə qapıldığı üçün onların özgüvəni çox aşağı səviyyəli olur.

Daima valideynləri tərəfindən danlanan, mənəvi-psixoloji travmaya məruz qalan uşaqların özgüvəni ya heç formalaşmır, ya da çox zəif inkişaf edir. Bu da onların bütün həyatı boyu çətinliklərlə üzləşməsinə səbəb olur. Əbəs yerə deyil ki, uşaqlarda özgüvən duyğusunu kiçik yaşlardan formalaşdırmaq lazımdır. Yaş artıqca insanlarda bu dəyərli hissi inkişaf etdirmək olduqca çətin prosesə çevrilir. Özünə inamlı olmayan insanlar həyatı boyu müəyyən çətinliklərlə üzləşir. Daxil olduğu bütün kollektiv qruplarında digərlərindən çəkinir, özünü təsdiq edə bilmir. Uşaqlarda özgüvən və özünəinam hissinin əskik olmasının ən əsas səbəbi valideynlərin öz uşaqlarını daima başqa uşaqlarla müqayisə etməsidir. (Filankəsin uşağı səndən  yaxşı oxuyur, o hər gün yaxşı qiymət alır, filankəs özünü səndən yaxşı aparır, kaş sən də başqa uşaqlar kimi olardın və s.) bu kimi ifadələr nəinki uşaqların özgüvənini aşağı salır, eyni zamanda, valideynlər tərəfindən sevilməmək hissinə qapılmasına səbəb olur ki, bu da problemi daha da qəlizləşdirir, uşaqlarda sevgi tələbatının ödənilməməsinə gətirib çıxarır. Belə səbəblər valideynlərlə uşaqlar arasında  dərin uçurumlar yaradır və sonra bərpası çox çətin, bəzən  isə tamamilə mümkünsüz olur. Ona görə də, valideynlər övladlarının tərbiyəsində çox diqqətli  olmalı, onlarla dost kimi rəftar etməyi bacarmalıdırlar.

Azərbaycan Uşaq Qaynar Xətt Xidməti

"Ümidli Gələcək" Sosial Təşəbbüslər İctimai Birliyi 

Abunə ol

Yenilikləri emailinizdə almaq üçün abunə olun.

Bizi Facebook-da izlə!