Previous Next

Valideyn etinasızlığı

VALİDEYN ETİNASIZLIĞI

Uşaqlar ilk dəfə ailədə dünyaya göz açır və ailədaxili münasibətləri, cəmiyyət normalarını, burada mənimsəyir. Valideynlər çox zaman uşaqlara daha düzgün tərbiyə vermək  məqsədilə  onları əhatə edən ətraf mühiti,  dostlarını özləri seçməyə çalışırlar. Bu çox yanlış yanaşmadır. Biz valideynlər bu məsələlərə müdaxilə edərək,  övladımızın seçimlərinə hörmətlə yanaşmasaq, daha böyük problemlərə yol açmış olarıq. Əksər valideynlər zamanı olmadığını bəhanə edərək, uşaqların hərtərəfli inkişafında onun yanında olmurlar. Çox təəssüf ki, bəzi valideynlər inkişaf dedikdə yalnız övladlarının fiziki inkişafını və təhsilini nəzərdə tuturlar. Bununla birlikdə övladlarımızın mənəvi inkişafına da diqqət yetirməliyik. Biz sağlam və savadlı bir uşaq yetişdirməklə cəmiyyətə faydalı bir fərd vermiş oluruq, lakin övladlarımızı şəxsiyyət kimi formalaşdırmaq üçün onların insani keyfiyyətlərinin də inkişaf etdiriliməsi məqsədilə əlimizdən gələni etməliyik.

Son dövrlərdə sosial şəbəkələr, onlar sayəsində məşhur olan bir sıra bloggerlər və onların hər hansısa bir məsələyə yanaşma üsulu övladlarımız üçün bir nümunəyə çevrilib. Uşaqlar hələ yaxşı və ya pis anlayışını ayırd edə bilmədikləri üçün bu insanları özlərinə rol-model seçərək, onları təqlid etməyə başlayırlar.  Çünki  onlar hələ öz xarakter xüsusiyyətlərini tam dərk etmədən sadəcə özünə bənzər bir sıra əlamətləri bu insanlarda taparaq, onları özlərinə nümunə götürürlər. Günün çox hissəsini bu insanların həyat fəaliyyəti, onların paylaşımlarını izləməklə keçirirlər. Bunun tək səbəbi valideynlərin uşaqlarına kifayət qədər vaxt ayırmaması və onların ünsiyyət tələbatlarının ödənilməsində iştirak etməmələridir. Lakin vaxt ayırmaqla da məsələ bitmir. Önəmli olan vaxtımızı birikdə səmərəli keçirməkdir. Əlbəttə günün çox hissəsini övladlarımızla keçirə bilmərik, lakin gün ərzində ən az bir, iki saatımızı onlara ayırmaqla sosial şəbəkələrdə hansı səhifələri izlədiklərini, əhatə dairəsini müəyyənləşdirə, uşaqlarımızı narahat edən problemlər haqqında məlumat ala bilərik.

Təəssüf ki, son dövrlərdə valideynlərlə övladlar arasında elə dərin uçurum yaranıb ki, artıq valideynlər övladlarnın həyat məqsədlərini, onları həyatda ən çox nəyin xoşbəxt edəcəyini belə bilmirlər.

Bu kimi hallara ən yaxşı nümunə olaraq övladlarına ad günün hədiyəsi seçə bilməyən valideynləri göstərmək olar. Kənardan çox sadə bir məsələ kimi görünsə də, bu hal valideynlərin övladlarını tanımadıqlarına gözəl nümunədir. Övladının hansı rəngi sevdiyini, özünü hansı film qəhrəmanına bənzətdiyini, hansı oyunlarda daha bacarıqlı olduğunu bilməyən valideyn əlbəttə bu seçim qarşısında aciz qalacaq və tək çarə olaraq hədiyəni uşağın özünün seçməsini istəyəcək.

Problemlərdən bəhs edərkən tək məsələ hər hansısa bir seçim qarşısında qalmaq deyil. Bu problemlər qarşısında belə bir sual meydana çıxır:

Bəs biz övladlarımızı nə dərəcədə tanıyırıq?

Bəzi valideynlər uşaqlarının ən böyük qorxularını, ən gücsüz anlarını, ən xoşbəxt olduqları anı, ilk peşimanlığını, ilk dəfə nə isə bacardığı andaki o həyəcanı, görə bilmirlər. Bəzən isə ümumiyyətlə görmək istəmirlər. Çünki gördükləri anda müdaxilə etməli olacaqlar. Bəzi valideynlər övladlarının problemlərinə müdaxilə etmək istəmirlər. Çünki bu vaxt və məsuliyyət tələb edir.

Çox zaman valideynlər övladlarının problemlərini dinləyib, anlasalar belə,  bu məslələrə önəm vermirlər. Bu kimi hallar artıq uşaqlarda özgüvən problemlərinə gətirib çıxarır. Problemlərinin ən yaxınları, sevdikləri tərəfindən dinlənilmədiyini görən uşaq isə digər insanların da onun bu problemlərinə belə etinasız yanaşacağını hiss edəcək. Beləliklə, o, nəinki ailəsindən uzaqlaşacaq, eyni zamanda digər insanlara da inamı qalmayacaq.

Bu problemlər yeniyetməlik dövründə özünü daha çox büruzə verməyə başlayır.   Uşaqlıq dövründən başlayan, yeniyetməlik dövründə daha kəskin hal alan, bərpa olunmadığı halda  uşağın bütün həyatı boyu davam edən və onun xarakter xüsusiyyətinə çevrilən bu problem onun şəxsi mənəvi keyfiyyətlərinə də öz mənfi təsirini göstərəcək.

Bəs bu problemin qarşısını almaq üçün nə kimi tədbirlər görə bilərik?

1.     Valideynlər övladlarının maraqlarını nəzərə almalıdır.

2.      Onların hər hansısa bir məsələdə (evə yeni bir əşyanın alınmasında, evin dizaynının dəyişdirilməsində, onların da həyat fəaliyyətinə təsir göstərəcək hər hansısa bir qərarların alınmasında) fikirləri soruşulmalıdır.

3.     Yarana biləcək münaqişələrdən qaçmamaq lazımdır.  Övladımızla hər han­sısa bir məsələni araşdırarkən heç də həmişə eyni fikirdə olmuruq. Bu zaman

söhbəti uzatmamaq bəhanəsilə onları dinləməsək, daha böyük problemlərin yaranmasına yol açacağıq.

4.     Günahkar axtarmamalıyıq. Bir problemi müzakirə edərkən daha çox həll yollarını axtarmalıyıq. Övladımız bizə onu narahat edən problem barədə danışarkən onun etdiyi hər hərəkəti tənqid etsək, artıq onlar bir də bizə problemlərini danışmaq istəməyəcək, çünki hər zaman tənqid olunmaq qorxusu ilə üzləşəcək.

 

Əgər biz övladlarımıza kifayət qədər vaxt ayırsaq, lazımi diqqət və qayğını göstərsək, uşaqlar gələcəkdə quracağı hər hansısa bir münasibətdə də bu anlayışlara önəm verəcək. Hörmət və sevgi üzərinə qurulmuş hər hansısa bir münasibət məqsədindən asılı olmayaraq, insana öz müsbət təsirini göstərəcək və xoşbəxt sonluqla bitəcəkdir.

Azərbaycan Uşaq Qaynar Xətt Xidməti

"Ümidli Gələcək" Sosial Təşəbbüslər İctimai Birliyi 

Abunə ol

Yenilikləri emailinizdə almaq üçün abunə olun.

Bizi Facebook-da izlə!