Tək uşaq yoxsa çox uşaq?

                                               

Ailədə övladın olması da imtahandır, olmaması da. Yoxluğu ona görə imtahandır ki, uşaqsız ev gülsüz bağçaya, aysız gecəyə bənzəyir. Bəlkə də, bu, o birinə baxanda daha asan sınaqdır. Varlığına gəlincə, onları cəmiyyətə yararlı vətəndaşlar kimi böyütmək dünyanın ən çətin işlərindən, başqa sözlə, sənətlərindən biridir.(Taci Şentürk: “Dərsimiz Ailə, Mövzumuz Uşaq Tərbiyəsi”)

Müasir dövrdə şəhərləşmənin sürətlə artması çoxtərkibli ailələrin azalmasına gətirib çıxarmışdır. İşləyən anaların günü-gündən çoxalması, qadınların birdən çox uşağa düzgün qaydada baxa bilməyəcəyini düşünməsi və işlərini buraxmaq istəməmələri, maddi çətinliklərin əsas gətirilməsi çoxuşaqlı ailələrin azalmasına səbəb olmuşdur.

İlk baxışda adama elə gəlir ki, bir uşağa baxmaq iki və ya üç uşağa baxmaqdan daha asandır. Amma məsələnin başqa aspektləri var.

İlk öncə deyə bilərəm ki, bir ailədə ən azı iki uşağın olması daha yaxşı olardı. İki uşağın olması ailədə sağlam tərbiyəvi mühitin formalaşmasına mühüm təsir göstərən amillərdən biridir. Çünki uşaqların xarakterinin formalaşmasında bacı və ya qardaşlarının rolu böyükdür. Ən yaxşı dost da olsa, bacı və qardaşının yerini verə bilməz. Həmçinin uşağın sosial mühitə adaptasiyasında bacı və ya qardaşlarının da rolu böyükdür.

Çoxuşaqlı ailələrdə uşaqlar qardaş və ya bacıları ilə oynayarkən, deyib-gülərkən, dalaşarkən insanlarla razılığa gəlməyi, barışmağı, bir-birini anlamağı, özünü qarşısındakının yerinə qoymağı öyrənirlər. Ancaq bundan fərqli olaraq təkuşaqlı ailələrdə bu bir çox hallarda belə deyildir.

Araşdırmalar göstərir ki, psixoloji köməyə ən çox ehtiyacı olan uşaqlar boşanmış ailələrin  övladlarıdır. İkinci sırada isə tək uşaqlar gəlir.(Taci Şentürk: “Dərsimiz Ailə, Mövzumuz Uşaq Tərbiyəsi”, Bakı 2016, səh 69.)

Qeyd edə bilərik ki, tək uşaq ana və atası ilə ünsiyyəti yetərli görə bilər. Valideyninə bütün istəklərini etdirən uşaqlar öz həmyaşıdları ilə ünsiyyətdə ya sakit, ya utancaq və passiv olur, bir çətinliyə düşən kimi ata-anasını axtarmağa başlayır, ya da ərköyün və aqressiv böyüyürlər.

Uşaqların özündən böyüklərlə çox vaxt keçirməsi onların yaşından əvvəl böyüməsinə də səbəb ola bilər. Bu, ilk baxışda müsbət hal kimi görünsə də, uşağın uşaqlığını yaşamaması sonralar müxtəlif psixoloji problemlərə gətirib çıxara bilər.

Bundan başqa böyüklərlə ayaqlaşa bilməmək bu cür uşaqlarda yaşamaq həvəsini də zəiflədə bilər. Digər tərəfdən, daima böyüklərdən diqqət və qayğı görən uşaq bu münasibəti hər yerdə görmək istəyər ki, bu da mümkün deyildir. Nəticə etibarilə, qeyd edə bilərik ki, ailədə tək uşağın mənəvi ehtiyaclarına cavab vermək o qədər də asan bir şey deyildir.

Bir çox təkuşaqlı ailələrdə valideynlər uşaqlarının sərbəst, məsuliyyətli olmasını, çətinliklərin öhdəsindən gəlməsini, öz zəhmətləri ilə yaşamasını istəyirlər. Və bunun yolunu da uşaqlarına heç bir qadağa qoymamaqda görürlər. Halbuki bu cür yanaşmanın faydadan çox zərəri var. Bu zərəri minimum səviyyəyə endirmək istəyirsinizsə;

·        Uşaqlarınızı tamamilə sərbəst buraxmayın. Mütləq ona yaşına və cinsinə uyğun qaydalar qoyun.

·        Gözləməyi və səbr etməyi öyrədin. Xüsusilə 4 yaşından sonra hər istəyini dərhal yerinə yetirməyin. Ona hər arzusunun hər zaman yerinə yetmədiyini göstərin.

·        Üç yaşından sonra yaşıdları və digər uşaqlarla oynamasına icazə verin.

·        Mükəmməl olmasını gözləməyin.

·        Öz fikrini bildirməsinə imkan verin, ancaq onun bütün qərarları verməsinə və qaydaların hamısını qoymasına razı olmayın.

·        Uyğun seçimlər təklif edin və birini seçməsinə çalışın. Nə siz uşağınızın, nə də uşağınız sizin qarşınıza tək seçim variantı qoymasın.

·        Pal-paltar, təmizlik, yemək-içmək kimi şəxsi işləri özü görsün. Bu vaxt yol verdiyi səhvlərə görə danlamayın.

Sonda isə qeyd edə bilərəm ki, ailənin tək övladı ilə tək uşaq olaraq deyil, sadəcə uşaq olaraq davranmaq lazımdır. Çünki yalnız ailəmiz üçün deyil, həm də cəmiyyətimiz üçün bir fərd böyüdürük.

 

Azərbaycan Uşaq Qaynar Xətt Xidməti

"Ümidli Gələcək" Sosial Təşəbbüslər İctimai Birliyi 

Abunə ol

Yenilikləri emailinizdə almaq üçün abunə olun.

Bizi Facebook-da izlə!