Previous Next

Uşaqlara düzgün danışıq normalarının aşılanması

 

Uşaqlar yaxşı və ya pis olan hər şeyi asanlıqla öyrənməyə çox meyllidirlər. Onlar hər yaşda ətrafdan pis sözlər eşidərək, təkrarlayırlar. Evdə söyüş eşitməsə də, bağça dövründə digərlərindən bu sözləri eşidə, mənasını bilmədən təkrarlaya bilər. Söyüşlər əsəbi halda müəyyən vurğu ilə söyləndiyi üçün uşaq bunun insanı əsəbləşdirəcək bir şey olduğunu düşünür, o da təkrarlayır, lakin həqiqi mənasını qavramır. Yeniyetməlik yaş dövrünə çatdıqda isə artıq söyüşləri şüurlu formada istifadə edir.

Elə ailələr var ki, uşaq mənasını bilmədiyi söyüşü söyərkən gülürlər, bu da uşağın diqqəti öz üzərinə çəkməsinə səbəb olur. Beləcə, uşaq hər diqqət çəkmək istəyəndə o söyüşlərdən təkrar-təkrar istifadə edir. Ailə uşağa söyüşü tərgitmək istəyirsə, həmin an ona gülərək reaksiya göstərməməlidir.

Elə ailələr də var ki, uşaq söyərkən ona “ağzına acı bibər çəkərəm, səni döyərəm” deyirlər. Uşaq bəzən qəzəblənərək söyür və məqsədi qarşı tərəfi qıcıqlandırıb əsəbləşdirmək olur. “Ağzına acı bibər çəkərəm” tipli sözlər isə valideynin əsəbləşdiyini göstərir və uşaq bibərdən qorxmaq əvəzinə məqsədinə çatır. Belə situasiyada kəskin reaksiya verilməməli və əsəbləşdiyinizi hiss etdirməməlisiniz. Bu, uşağın davranış pozuntusunu (söyməyini) söndürəcək.

Təkcə söyüş deyil, istənilən davranış pozuntusu zamanı gülərək və ya əsəbləşərək uşağa kəskin reaksiya verilərsə, uşağın bu davranışı daha da möhkəmlənmiş olar. Bu vəziyyətdə üzərindən keçilməsi, mövzunun dəyişdirilməsi məsləhətdir. Uşağın əsəbi keçdikdən sonra, bu davranış haqqında danışılmalı, mənfi, yalnış bir şey olduğu, uşağın bunu etməməli olduğu ona sakit formada izah olunmalıdır.

Azərbaycan Uşaq Qaynar Xətt Xidməti

"Ümidli Gələcək" Sosial Təşəbbüslər İctimai Birliyi 

Abunə ol

Yenilikləri emailinizdə almaq üçün abunə olun.

Bizi Facebook-da izlə!