Previous Next

UŞAQLARDA CİNSİ ZORAKILIQ , VALİDEYNLƏR NƏYİ BİLMƏLİDİR?

 

Hal-hazırda ölkəmiz və dünyada hər kəsi narahat edən və uşaqlarımızın gələcəyini təhlükəyə salan cinsi istismar, zorakılıq halları geniş yayılmışdır. Uşaqlara qarşı edilən zorakılıq deyildikdə, fiziki, psixoloji, etinasızlıq və cinsi zorakılıq halları nəzərdə tutulur. Zorakılıq bir kəsin öz gücündən, yaxud xidməti vəzifəsindən istifadə edərək başqalarını qəsdən incitməsi, ona əzab verməsi deməkdir. Uşağın böyüməsinə və inkişafına mənfi təsir göstərən və cinsi toxunulmazlığını pozan hər hansı bir davranış uşaq istismarı adlanır. Ümumdünya Səhiyyə Təşkilatının hesabatına görə, dünyada hər il 1 milyon 500 min uşaq zorakılığa məruz qalır.

Bu qəbul edilməyən, istənilməz halın baş verməməsi üçün, cəmiyyət olaraq nə etməliyik? Əslində hər bir fərdin edə biləcəyi mütləq nələrsə vardır. Bunlardan birincisi, özümüzü maarifləndirmək, ikincisi, istismar mövzusunda uşaqlara lazım olan informasiyaları düzgün çatdırmaqdır. İlk olaraq, onlara çatdırılması lazım olan informasiyalara nəzər yetirək:

1. “Heç kim sənin bədəninə baxa və toxuna bilməz”: Uşaqlara, onların da başqalarının şəxsi yerlərinə (cinsiyyət organlarına) baxmamalarını başa salmaq lazımdır. İstisna hal olaraq yardım məqsədli, canı ağrayanda problemi anlamaq üçün ana-ata və həkim kimi böyüklərin mümkünsə “icazə alaraq” baxmaq və toxunmaq olar.

2. “Kimsə şəxsi yerlərimizə yəni cinsiyyət organlarımıza baxanda və ya toxunanda etməli lazım olduqlarımızı bilməliyik”: Belə bir vəziyyətlə qarşılaşarlarsa, uşaqlarımıza nə etməli olduqlarını aşağıdakı mesajlarla öyrədə bilərik:

· Ciddi və sərt şəkildə YOX! de

· Oradan UZAQLAŞ və təhlükəsiz bi yerə getməyə çalış.

· İnandığın bir böyüyünə DANIŞ.

· Böyüklər səni dinləyib bir şey edənə qədər DANIŞMAĞA DAVAM ET.

Valideynlər, müəllimlər əgər övladınız və ya şagirdiniz istismara məruz qalarsa və ya istismara məruz qalan bir uşağı qorumanız lazım gələrsə, mütləq bunları bilməli və əməl etməyə çalışmalısız.

1. Əvvəlcə sakit şəkildə diləyin. Vəziyyət nə qədər çətin olsa da, özümüzü cilovlamalı, uşağımıza sakit halda qulaq asmalıyıq

2. Məyusluğunuzu, qəzəbinizi bildirməyin. Belə bir reaksiya onlarda günahkarlıq hissini daha da artıracaq və bu barədə danışmaqdan imtina etmələrinə səbəb olacaq.

3. Heç vaxt sorğu-sual etməyin (hadisə haqqında məlumat almağa çalışmayın). Hadisə barədə əlbəttə ki məlumat alacaqsınız. Ancaq bunu

gərgin vəziyyətdə sorğu-sual şəklində etməkdən çəkinin. Sizə etibar edən uşaq onsuz da hadisənin necə baş verdiyini yavaş-yavaş danışacaqdır.

4. Sadəcə onu başa düşdüyünüzü bildirən sözlər söyləyin. Uşaqlar hər zaman dinlənilmək, başa düşülmək istəyir. Hələ də bu cür hallarda, onların sizin sevginizə, qayğınıza daha çox ehtiyacları var.

5. Mütəxəssislərə müraciət edin ki, onlar uyğun şəkildə soruşsun. Zorakılıq halları hər zaman müəyyən travmaya səbəb olur. Odur ki, uşaqlarda zorakılıq halı müşahidə edilərsə, travmanı aradan qaldırmaq üçün mütəxəssislərə- psixoloq, psixiatra müraciət edə bilərsiniz.

Sizlərə verə biləcəyimiz məsləhətlərdən biri də toxunuşla bağlı olacaq. Uşaqlara bədənləri ilə, xüsusilə də toxunmaqla bağlı təhlükəsizlik qaydalarını öyrətməzdən əvvəl aşağıdakı üç məqamı nəzərə almaq lazımdır :

1. Uşaqlara bütün bədən üzvlərinin adlarını öyrədin ( xüsusi bədən üzvləri daxil olmaqla ). Uşaqların cinsi istismar haqqında danışmaqdan çəkinməklərinin bir səbəbi də özlərini ifadə etmək üçün doğru sözləri tapa bilməməkdir. Bədən üzvlərinin, xüsusilə cinsiyyət organlarının düzgün ( anotomik) adlarla öyrədilməsi uşaqlara bu sözlərdən istifadə etmək və bədən üzvləri haqqında rahat danışmaq imkanı verir. Yaşca böyük uşaqlara daha çox məlumat vermək mümkündür, çünki inkişaf xüsusiyyətlərinə bağlı olaraq onlar daha çox şeyi mənimsəmək qabiliyyətinə malikdirlər. Siz həmçinin uşaqlara izah edə bilərisiniz ki, çimərlik paltarlarının örtdüyü bədən üzvləri xüsusi bədən üzvləri hesab olunur.

2. Usaqlara izah edin ki, bədənləri üstündə söz sahibi özləridir. Onlar bilməlidirlər ki, bədənlərinə kimin necə toxunub toxunmayacağına özləri qərar verməlidirlər. Əlavə olaraq qeyd etmək lazımdır ki, əgər uşaqlarınız qohumlar və ya dostları tərəfindən öpülmək, qucaqlanmaq istəmirsə onları məcbur etməyin. Bu, uşaqlara ,ilk növbədə, tanışlarına və ya yaxınlarına istəmədiyi toxunuşlar barədə yox deməyə şərait yaradacaq. Bəzi qohumlar hər dəfə görəndə uşağınızı öpmək və qucaqlamaq, eyni zamanda uşağınızdan da onu öpməsini, qucaqlamasını gözləyə bilər. Bu təbii bir haldır. Ancaq övladımızı istəmədiyi bir davranışa məcbur etmək nə dərəcədə doğrudur? Uşaqlıqdan onlara lazım olan məqamda yox deməyi öyrətməliyik ki, gələcəkdə istənilən vəziyyətdə öz azad fikrini ifadə edə bilsinlər. Əgər, fikirləşirsiz ki, qohum, qonşu bu halla rastlaşanda inciyəcəklər, o zaman onlara uyğun bir dillə bildirin ki, uşağınıza öz bədənini qoruması üçün təhlükəsizlik qaydalarını öyrədirsiniz.

Yox deməyə, istəmədiyimiz bir davranış qarşısında etirazımızı bildirməyə ilk öncə özümüzdən başlayaq. Bunu etməklə uşaqlarımıza da nümunə olacayıq.

Azərbaycan Uşaq Qaynar Xətt Xidməti

"Ümidli Gələcək" Sosial Təşəbbüslər İctimai Birliyi 

Abunə ol

Yenilikləri emailinizdə almaq üçün abunə olun.

Bizi Facebook-da izlə!