Previous Next

Övladım istəklərini ağlayaraq reallaşdırır

 

Körpələrin doğulduğu ilk andan ağlamaq onlar üçün bir ünsiyyət formasıdır deyə bilərik. Körpə ac olduqda, yuxusu gəldiyi zaman ağlayaraq valideynlərinə məlumat verir və onlarla əlaqə yaratmağa çalışır.

Biz valideynlər olaraq, övladımız ağlayanda bir çaxnaşma yarada və o an həddən artıq reaksiya verə bilərik. Beləliklə, bu reaksiyalarla ağlamağın nə qədər vacib və ya normal olduğuna dair mesajlar ötürürük.

Məsələn, ana körpəsini əmizdirdikdən sonra onu yatızdırır və özü mətbəx işlərinə başlayır. Bir müddət sonra otaqdan ağlamaq səsi eşidildikdə, ana təlaş və vahimə ilə otağa gedir və həyəcanla körpəsini qucağına alır. Bu qucağa alma zamanı, anası hərəkətləri ilə körpəsinə narahatlıq hissini aşılayarsa, uşaq da zamanla anasının bu narahat vəziyyətlərindən istifadə etməyə başlayar. Daha çox şiddətlə ağlayaraq, anasının daha tez gəlməsini və hər zamankından daha çox qayğı göstərməsini təmin edən bir sistem formalaşdırar və ana övladına aşağıdakı mesajı verər:

“Nə qədər çox ağlasam anam yanıma o qədər tez gələr, nə qədər çox ağlasam mənimlə o qədər çox qalar və istəklərimi edər”.

Ancaq eyni misalda, ana o qədər narahat deyil də, daha sakit davransa, körpənin anasından öyrənəcəyi şeylər fərqli olacaq. Yenidən nümunəni təkrarlasaq, ana körpəsini əmizdirər, yatması üçün yatağına qoyar və mətbəx işlərinə başlayar. Körpənin otağından bir müddət sonra ağlama səsi eşidər. Otağa gedən ana çarpayının yanında dayanıb "Sabahın xeyir, oyandın? Mənə səsləndin?" dedikdən sonra sakitcə körpəsini qucağına alıb və "Səsini eşidib gəldim" deyərsə, körpəyə aşağıdakı mesajı verəcəkdir:

"Anam hər dəfə mən onu çağırdığım zaman yanımdadır və o yanımda olarkən mən tam güvəndəyəm".

Bu nümunələrə əsaslanaraq, ilk nümunədəki kimi, narahat və qoruyucu valideynlərin uşaqları 1-2 yaşlarında olduqları zaman istəklərini ağlayaraq reallaşdırmağa meyl edirlər. Çünki valideynlər və uşaqlar arasında ehtiyac tarazlığı buna uyğun qurulur.

Bu səbəblə körpəlikdən bəri uşaqlar ilə qurulan ünsiyyətin forması və keyfiyyəti bizim üçün çox vacibdir.

Beləliklə, uşağınız böyüdükcə istəklərini ağlayarq ifadə etməyə davam edirsə, bu zaman nələrə diqqət etməlisiniz:

• Xüsusilə 0-2 yaş arası uşaqlar cisimləri toxunaraq, ağızlarına qoyaraq tanıyırlar. Buna görə də oyuncaqları başqasının əlindən ala bilər və ya başqa bir uşaq övladınızın əlindən oyuncaqlarını ala bilər. Belə hallarda "ağlama, ağlama sənə başqasını verərəm" ifadəsi ilə deyil, "bax, burada başqa bir oyuncaq var, sən də onunla oynayarsan" ifadəsi ilə həll yolu tapmağa çalışın.

• Övladınıza qarşı çox qadağalar qoymayın və təzyiq göstərməyin. Müəyyən qaydalarınız və sərhədləriniz olsun, ancaq bu qayda və sərhədləri o ağlayır deyə pozmayın. Bu cür davrandığınız müddətcə uşağınız ağlayacaq, qaydaları aradan qaldırmağa çalışacaq və qaydalar olmadan özünə sərbəst bir mühit yaratmağa başlayacaqdır.

• Sözlərinizdə, davranışlarınızda və qaydalarınızda dəqiq olmağa diqqət edin. Vəziyyətə görə münasibətinizdə bəzi rahatlıqlar ola bilər, ancaq bunlar uşağınızın ağladığı üçün deyil, siz uyğun gördüyünüz üçün olmalıdır.

• Uşağınız istəklərini ağlayaraq həyata keçirərsə və bu davranışa görə "Yenə belə ağlasan ..." kimi təhdidli cümlələrə başlasanız, lakin ona uyğun hərəkət etməsəniz, uşağınızın gözündə heç bir ciddiliyiniz və etibarlılığınız olmayacaq. Əgər uşağınıza davranışına görə hər hansı bir xəbərdarlıq edirsinizsə, həqiqətən də o xəbərdarlığı reallaşdırın.

• Valideyn həmfikirliliyi hər mövzuda olduğu kimi bu mövzuda da çox vacibdir. Uşaq ağladığı zaman, istəyini yerinə yetirməyən bir anaya qarşı, "Ağlatma nə istəyirsə ver" deyən bir ata varsa, uşaq bu situasiyadan sonuna qədər istifadə edəcəkdir.

Yuxarıda qeyd edilmiş və bəzi sadalanmış fikirləri sizlərdə öz övladlarınıza tətbiq etsəniz, ümidvaram ki, sizi də narahat edən və öhdəsindən gəlməkdə çətinlik çəkdiyiniz bu kimi hallarla artıq çox az-az qarşılaşmağa başlayacaqsınız. Əziz valideynlər bununla da həm övladınız, həm də özünüz üçün sağlam bir mühit yaratmış olarsınız.

 

"Ümidli Gələcək" STİB-nin psixoloqu Aynur Məmmədova

Məlumatları paylaşan zaman mənbə bildirməyiniz xahiş olunur.

Azərbaycan Uşaq Qaynar Xətt Xidməti

"Ümidli Gələcək" Sosial Təşəbbüslər İctimai Birliyi 

Abunə ol

Yenilikləri emailinizdə almaq üçün abunə olun.

Bizi Facebook-da izlə!