Previous Next

Uşaqlarda Qorxular

 

Uşaqlarda mən anlayışı 3 yaşında formalaşmağa başlayır, onlar artıq özlərini və ətraf aləmi dərk etməyə başlayırlar. Ətrafda olan hər şey uşaqlar üçün yenidir. Balacalarda qorxular onların ayrıca fərd olaraq böyüməsindən qaynaqlanır. Onlar böyüdükcə daha çox müstəqil olurlar, başqalarının qayğısına daha az ehtiyac duyurlar və bu uşaqlarda narahatçılığa, qorxuya səbəb ola bilir.

 Bəs uşaqlar ən çox nələrdən qorxurlar?

Uşaqların ən çox qorxduğu şeylər aşağıdakılardır:

·        Ani səslərdən olan qorxu

·        Yad insanlara qarşı qorxu

·        Su qorxusu

·        Qaranlıq qorxusu

·        Ana və atanı itirmə qorxusu

·        Dostları tərəfindən təcrid olunma qorxusu

·        Yeni doğulacaq qardaş və yaxud bacı olan zaman yaranan qısqanclıq qorxusu

·        Ayaqyoluna və yaxud hamama tək getmək qorxusu

·        Məktəb qorxusu və.s

Qorxulardan daışarkən, belə bir maraqlı sual yaranır. Görəsən valideynlərin qorxuları uşaqlara da keçir ya yox?

Qorxular uşağın ətrafındakı insanlar tərəfindən özləri də bilmədən uşağa aşılana bilər. Balacalar ana və atalarının qorxularından özündə bir qorxu yarada bilər. Məs: yolda gedərkən ananın it görməsi və uşağı möhkəm qucaqlaması, onu oradan uzaqlaşdırmağa çalışması, it səsi gəldikdə ananın qorxması uşaq tərəfindən mənimsənilir. Belə ki, Valideynlərdə olan qorxu uşaqlara da keçmiş olur.

Heç özünüzə sual vermisinizmi bu qorxuların olmaması üçün nə edə bilərik?

O zaman yaxşı-yaxşı oxuyun.

1)    Zorla uşağın üstünə getməyin.

Bu nə deməkdir?  Məsələn: uşağınız itdən qorxdu. Siz itin təhlükəsiz olduğunu ona başa salmaq üçün onu zorla itə yaxınlaşdırıb, bax, təhlükəsizdir deməyiniz heç də düzgün deyil. Bu davranış qorxuların daha da şiddətlənməsinə gətirib çıxarar. Belə davranışın əvəzinə balacalara qorxduqları şey haqqında xoş hadisələr danışa, oyuncağını ala və yaxud həmin şeylərin rəsmləri üzərində hekayətlər danışa bilərsiniz.

2)    Uşağınızın qorxularını anladığınızı hiss etdirin.

Nədənsə qorxan bir uşağı qorxduğu üçün heç vaxt günahlandırmayın. Məsələn: Qaranlıqdan qorxacaq nə nar?! O nədir ki, qorxasan?! tipli suallarınız uşaqların utanmasına və qorxularının daha da artmasına səbəb olacaq. Belə cümlələrin yerinə onlara dəstək olacaq, hər zaman yanlarında olduğunuzu hiss etdirəcək cümlələr qurun. Məs: mən səni anlayıram. Qorxu hamıda olur. Mən də sənin yaşında olanda ondan qorxurdum və.s.

 

3)    Güvən duyğusu aşılamaq.

Sevmək, kədərlənmək, sevinmək kimi qorxmaq da bir duyğudur. Hətta, qorxmaq inkişafın göstəricilərindən biridir. Uşaqları dinləyin, onlarla daha çox vaxt keçirməyə çalışın və qorxuları ilə maraqlanın, bu haqda onlara məlumatlar verin.

4)    Qorxuları daha da artırmayın!

Məsələn: gecə uşaq qorxursa, ona öz yanınızda yer ayırmaq bu qorxunu artıracaq. Uşaq tək qalmağa heç vaxt öyrəşə bilməyəcək. Bu halda balacalar yatana qədər onların yanında qalmağınız və yaxud onlara kitab oxumağınız daha yaxşı olar.

 

5)    Uşaqları ciddiyə alın!

Bəzən valideynlər uşaqları ciddiyə almırlar. Uşaqdıda qorxur keçər deyib hadisələrin üstündən keçirlər. Amma, bir şeyi bilməlisiniz ki, qorxular ciddi-ciddi davam edirsə uşağın inkişafına mane ola bilər. Bu halda mütləq mütəxəssisə müraciət etmək lazımdır.

Yuxarıda qeyd etdiyimiz tövsiyələrə əməl edərək, övladlarınızın qorxusuz və düzgün şəkildə böyüməsinə nail ola bilərsiniz. Valideyn olaraq, körpəlikdən uşaqlara dəstək olmalı, onlara hər zaman yanlarında olduğumuzu, onları dəstəklədiyimizi göstərməliyik.

 

"Ümidli Gələcək" STİB-nin Sosial işçisi Fərid Dünyamalıyev

Məlumatları paylaşan zaman mənbə bildirməyiniz xahiş olunur.

 

Azərbaycan Uşaq Qaynar Xətt Xidməti

"Ümidli Gələcək" Sosial Təşəbbüslər İctimai Birliyi 

Abunə ol

Yenilikləri emailinizdə almaq üçün abunə olun.

Bizi Facebook-da izlə!