Previous Next

DİSTANT TƏHSİL VƏ BİZ!

2019-cu ilin sonlarında Çinin Vuhan əyalətində ortaya çıxan COVİD-19 virusu bütün dünyanı çalxaladı. İlk dəfə idi ki, bütün dünya ölkələri eyni problemlə üz-üzə qalırdı. Bir çox gündəlik vərdişlərimiz kökündən dəyişdi və “yeni norma”lar meydana  çıxdı.  İnsanlar artıq məsafə saxlamağa, maskadan istifadə etməyə öyrəşmişlər.

Həyatımızda uyğunlaşmalı olduğumuz dəyişikliklərdən biri də uzaqdan təhsil oldu. Məktəb və universitetlər virusun sürətli yayılmasının əsas qaynaqlarından biri olduğu üçün tədris müəssisələri fəaliyyətini dayandırmış və distant rejimə keçmişdir.  Lakin bütün bunlar çox qəfil baş verdiyi üçün valideynlər, müəllimlər və uşaqlar yeni sistemə uyğunlaşmaqda çətinlik çəkirlər.

Beləliklə, ölkə olaraq tətbiq olunan karantin rejimi ilə əlaqədar tədbirlər çərçivəsində şagird və tələbələr üçün distant təhsilə başladığımız bir dövrə qədəm qoyduq. Uşaqlar isə daxil olduğumuz bu yeni dövrdən ən çox təsirlənən təbəqədirlər. Onların həyatının əhəmiyyətli bir hissəsini təşkil edən məktəb qaydaları bildiyimiz kimi, müvəqqəti də olsa, dəyişdirilmişdir. Bu səbəbdən də, ilk günlərdə uşaqların yeni qayda ilə ayaqlaşmaqda çətinlik çəkmələrinin normal olduğunu və zamanla dəstəyimiz sayəsində daha yaxşı adaptasiya olacaqlarını sizə çatdırmaq istəyirik. Üzbəüz təhsil alan müəllimlər və dostlarını hər gün görən, ünsiyyətdə olan uşaqlarımız indi bu imkanlardan müəyyən mənada da olsa məhrum olublar.

Təbii ki, uzaqdan izolyasiya olunmuş şəkildə tətbiq edilən təhsil müəllim və  şagirdlər ilə qarşılıqlı əlaqənin yerini vermir və bu kimi çətinliklərə səbəb olur:

·        İstifadə olunan əlaqə vasitələrində yarana biləcək texniki problemlər təhsilin effektivliyinə mənfi təsir göstərir;

·        Uşaqların bəzilərinin lazımi imkanlara sahib olmamaları (məsələn: komputer, telefon və s. kimi) onları təhsildən kənarlaşdırır;

·        Əlaqə vasitələrindəki dəyişikliyin bəzi mənfi cəhətləri;

·        Öyrənmə müddətində qarşılaşdıqları çətinliklərin tez bir zamanda aradan qaldırılmaması və bu vəziyyətin nəticəsində yarana biləcək problemlər;

·        Təkbaşına öyrənmə vərdişi olmayan və bu bacarıqlarını inkişaf etdirməmiş uşaqlar üçün plan qurmaq çətinliyi;

·        Ənənəvi təhsildən fərqli olaraq, burada birbaşa əlaqə olmadığı üçün məsuliyyət hissinin aşağı düşməsi.

Lakin nəzərə alaq ki, uzaqdan təhsilin mənfi tərəfləri olduğu kimi müsbət tərəfləri də mövcuddur. Övladlarımız evdə qalaraq virusa yoluxma təhlükəsindən azad olur, məktəbə getməyərək məktəb yoluna ayrılan vaxta qənaət edir, qida və digər təbii ehtiyaclara çıxış daha əlçatan olur.

Uzaqdan təhsilin digər müsbət tərəfləri:

1.     Səmərəlilik.

Onlayn təhsil müəllimlərə dərslərin təqdimatı üçün daha geniş imkanlar verir. Bunun üçün bir çox vasitələr - videolar, PDF fayllar, podkastlar mövcuddur. Dərs planına ənənəvi dəftər - kitabdan əlavə onlayn resursların artırılması müəllimlərin işini daha da məhsuldar edir.

2.     Zaman və məkanın əlçatan olması.

Uzaqdan təhsilin digər faydasıda tələbələrin zaman və məkan seçimində sərbəstliyidir. Bu həmçinin məktəb və universitetlərə də imkan verir ki, coğrafi mövqeyindən asılı olmayaraq bütün tələbələrə əli çatsın. Əlavə olaraq, distant təhsil gələcək istinadlar üçün qeydə alına, arxivə salına və paylaşıla bilir. Bu tələbələrə istənilən vaxt həmin materiallara çıxış imkanı verir.

3.     Qənaətçillik

Digər fayda isə uzaqdan təhsilin daha az maddi xərclərə səbəb olmasıdır. Distant təhsil tələbləri nəqliyyat, yemək və digər xərcləri ödəməkdən azad edir. Əlavə olaraq, bütün kurslar və kitablar onlayn əlçatan olduğu üçün tələbə və şagirdləri artıq kitab və ya jurnal almaq məcburiyyətindən azad edir, bu isə həm pula, həm də kağıza qənaətə gətirib çıxarır.

4.     Seçim şansının çoxluğu

Bildiyimiz kimi, hər bir şagird və ya tələbənin müxtəlif öyrənmə tərzləri mövcuddur. Bəzilərində vizual öyrənmə üstünlük təşkil etsə də, digərləri qulaq asaraq daha effektiv şəkildə öyrənir, bəziləri dərsi qrup şəklində, bəziləri isə tək, yəni, təcrid olunmuş formada daha yaxşı mənimsəyir. Məktəblərdə şagirdlər düz bir şəkildə oturmağa məcbur qalsalar da, evdə istədikləri şəkildə, onlara rahat olan formada dərslərdə iştirak edə bilər və öyrənmə metodlarını özləri seçmək şansları daha çox olur.

5.     Sağlamlıq.

Evdə qalmaq uşaqlarımızın və bizim virusa yoluxma təhlükəsini və yayılma riskini azaldır. Məktəb şəraiti virusun yayılması üçün ən münbit şəraitlərdən biridir. Beləki, evdən təhsil almaqla həm də sağlamlığımızın qeydinə qalmış oluruq.

Uzaqdan təhsilin mənfi cəhətlərini minimuma endirmək və təhsilin effektivliyini artırmaq üçün çıxış yolları mövcuddur.

Distant təhsilin faydalarını artırmaq və zərərlərini minumuma endirmək bizim əlimizdədir. Distant təhsilin effektivliyi onun müxtəlif faktorlarının hazırlıq səviyyəsindən asılıdır:

*Texnoloji hazırlıq

Texnoloji hazırlıq dedikdə məişət şəraitində internet bağlantısının olması, dərslərə qoşulmaq üçün texnoloji vasitələrin: telefon, komputer və ya televizorun əlçatanlığı nəzərdə tutulur. Distant təhsildə əsas vasitə texnoloji cihazlarımız və internet şəbəkəsi olduğu üçün onların davamlı olaraq normal işlədiyindən əmin olmalıyıq ki, tədris prosesi zamanı kəsintilər və digər problemlər olmasın. 

*Məzmun hazırlığı

Bu tədris planında mövcud olan  tədris materiallarının onlayn platformalar, telefon və ya komputer vasitəsilə hər bir tələbə və şagird üçün əlçatanlığının təmin olunmasını nəzərdə tutur. Bir çox müəllimlər normal dərs kurrikulumunu onlayn sistemə keçirtməyə, eynilə, valdeynlər və ya qəyyumlar evdə gündəlik dərs rejimini idarə etməyə (xüsusilə evdə 1-dən çox uşaq mövcuddursa) hazır deyillər.

 

*Ev əsaslı təhsilə olan dəstəyə hazırlıq

 

Bu, müəllimlərin onlayn tədrisinə, evdə valideyn və ya tərbiyəçilərin təhsil prosesini idarə etməyə hazırlığını nəzərdə tutur. Bir çox müəllim tədris planını onlayn qaydada keçirtməkdə, valideynlər isə ev şəraitində tədris prosesinə nəzarət etməkdə  çətinlik çəkir. Əgər valideynin dil və akademik bacarıqlarında çatışmazlıqlar varsa dərs vaxtlarını izləmək, öyrənmə prosesini idarə etmək daha da çətinləşir.

 

*Monitorinq və qiymətləndirməyə hazırlıq

 

Bura daxildir: Uzaqdan təhsil prosesinin monitorinqi, kurslara girişin izlənməsi, tədris nəticələrinin qiymətləndirməsi və uzun-müddətli nəticələrə nail olmaq üçün mütəmadi olaraq müəllim-tələbə arasında əlaqənin saxlanması və nəticələrin izlənməsi. Özünü-tənzimləmə və disiplini zəif olan şagirdlərin qiymətləndirilməsində fərqli yanaşma mühümdür.

Məktəb, ailə və şagird olaraq birlikdə sağlam şəkildə yaşamaq istədiyimiz bu dövrdə onlayn təhsil prosesindən səmərəli yararlana bilmək üçün bəzi təkliflərimizi sizinlə bölüşmək istəyirik:

·        Evi onlayn dərslərin baş verdiyi bir məktəbə çevirmək və bunu qəbul etmək uşaq üçü çətin ola bilər. Bunun müvəqqəti bir proses olduğunu tez-tez özünüzə və övladınıza xatırladın.

·        Həqiqi bir sinif mühiti olmadığını, bunun həqiqi bir dərs olmadığını söyləyən və ekran qarşısında oturmağa, dərsə qoşulmağa müqavimət göstərən uşaqlara dərslərin bir müddət belə keçiriləcəyini, bunun həqiqətən məktəb olduğunu və ciddi qəbul edilməli olduğunu yaşlarına uyğun olaraq izah edin.

·        Səhər tezdən məktəbə gedirmiş kimi durmağa davam etsəniz həm sizin, həm də övladınız üçün faydalı olacaqdır. Uşaqların yatma və yuxu vaxtlarının məktəb vaxtında olduğu kimi müəyyən bir qaydada olması olduqca vacibdir.

·        İlk günlərdə bu yeni öyrənmə sisteminin uşaqlara necə təsir etdiyini, necə hisslər keçirdiyini bilmək yaxşı olardı.  Hisslərini ifadə etməkdə çətinlik çəkən uşaqlarımız üçün rəsm, rəqs və yazı kimi müxtəlif məşğələlərlə, onlara kömək edə bilərsiniz.

·        Yeni şəraitə uyğunlaşmada çətinlik çəkən uşaqlar ola bilər. Onlara biraz vaxt verin. Ehtiyaclarını soruşmaqdan, onlarla ünsiyyət qurmaqdan və mümkün olan tədbirləri görməkdən çəkinməyin.

·        Onlayn dərs saatları və tapşırıqlar əsasında həftəlik cədvəl yaratmaq faydalı ola bilər. Proqrama uyğunluğu hər gün və ya həftənin sonunda, yaş qrupuna görə izləmək və həftənin sonunda birlikdə hədəflərə çatma vəziyyətini nəzərdən keçirmək, motivasiyanı canlı tutmağa kömək edə bilər. Nəticə ürəkaçan olarsa həm özünüzü həm də övladınızı mükafatladıra bilərsiniz. Ancaq mükafatın maddi deyil də, sosial olmasına diqqət yetirin.

·        Uşaqların gündəlik rejimə ehtiyacı var. Bu səbəbdən həftə içi / həftə sonu rejimini pozmamağa diqqət yetirmək vacibdir. Həftə içi dərs planına uyğun olaraq cədvəl qura bilər və həftə sonunda isə ailə üzvləri ilə birlikdə edə biləcəyi əyləncəli bir gün təşkil edə bilərsiniz. 

Normal olaraq, gündəlik  məktəb və universitetlərdə qrup şəklində, müəllim ilə canlı qarşılıqlı əlaqə vasitəsi ilə keçilən dərslərin, evdə izolyasiya olmuş şəkildə keçirilməsi təbii ki, eyni nəticəni verməyəcək. Lakin, distant təhsilin effektinin maksimum dərəcəyə çatdırmaq, valideynlər uşaqların tədrisini canlı şəkildə hiss etmələri və məsuliyyətlə yanaşmaları üçün evdə normalara uyğun şərait yaratmalı və uşaqların dərslərə hazırlığından əmin olmaq ötrü günlük dərs cədvəli hazırlamalı, onlarla mütəmadi ünsiyyət qurmalı və valideyn olaraq, övladlarının təhsilinə daha məsuliyyətli yanaşmalıdırlar.

 

Unutmayın SEVGİ və QAYĞI bir çox problemlərin açarıdır!

 

 

Azərbaycan Uşaq Qaynar Xətt Xidməti

"Ümidli Gələcək" Sosial Təşəbbüslər İctimai Birliyi 

Abunə ol

Yenilikləri emailinizdə almaq üçün abunə olun.

Bizi Facebook-da izlə!