Previous Next

Uşaqların ixtisas və peşə seçimində valideynlərin rolu...

Həyatda övladımız ilə bağlı qarşılaşdığımız ən çətin qərarlardan biri ixtisas və ya peşə seçimidir. Peşə seçimi yeniyetməlik dövründə baş verdiyindən, bu dövrdə alınan qərarlara emosional faktorlar təsir edir və valdeynlərin uşağa dəstək olmaq və istiqamətləndirməsini vacibdir. Bu zaman həm valideynlərin həm də yeniyetmələrin üzərinə vacib rol düşür.

 

Uğurlu ixtisas və ya peşə seçimi üçün yeniyetmə özünü tanımalı, maraq dairəsini, güclü və zəif tərəflərini bilməli və öz bacarıqlarının fərqində olmalıdır. Uşaq ilk öncə “hansı peşəyə yiyələnsəm uğurlu olaram?” sualına cavab tapmalıdır. Ailənin və qohumların istəyinə baxmayaraq hansı peşəni sevdiyini və özünə yaxın gördüyünü nəzərə almalı və daha sonra qərar verməlidir. Lakin bütün bu faktorların yeniyetmə tərəfindən dərk edilməsinə şərait yaratmaq valideynin məsuliyyəti altına düşür. Ailənin dəstəyi və güvəni olmadan şəxsiyyət prosesinin təzə-təzə formalaşmağa başadığı yeniyetməlik dövründə uşaq səhv qərarlar verə və ya ailənin təzyiqi altında istəmədiyi ixtisası seçə bilər.

 

Elə isə bu prosesdə valideynin üzərinə düşən vəzifələri gözdən keçirək:

 

1) Valideyn uşağın maraq dairəsində olan peşə və ya ixtisas haqqında məlumat toplamalıdır. Hər bir uşaq böyümə prosesində gələcəkdə sahib olacağı peşə ilə bağlı müxtəlif xəyallar qurar və olmaq istədiyi peşə hər yaşa keçdikcə dəyişər. Valideynlər buna ötəri yanaşmamalı və uşağa peşənin detalları, lazım gələrsə işin çətinlikləri və müsbət tərəfləri haqqında uşağa məlumat verməlidir ki, uşaq qərar vermə mərhələsində bütün ixtisas və peşələr haqqında məlumatlı olsun;

2) Əsas qərarların uşaq tərəfindən verilməsinə şərait yaradılmalıdır. Valideyn uşağa bu prosesdə daim yanında olmalı, onu ixtisaslar haqqında məlumatlandırmalı lakin heç vaxt uşağa təzyiq göstərməməlidir. Ola bilsin ki, uşağın marağı valideynin marağı ilə üst-üstə düşmür, ancaq nəzərə almalıyıq ki,bu övladımızın həyatıdır və o nəyi sevib-sevmədiyini daha yaxşı bilir, sizin istədiyiniz peşəni seçsə də, bu işi istəməyərək və həvəssiz icra edəcək. Elə isə övladımızı qərar vermək üçün cəsarətləndirək, özündə güvən yaradaq və verəcəyi qərarın uğurlu olacağına inandığımızı ona hiss etdirək;

3) “Sənin prioritetin nədir?” sualı uşaq və valideyn tərəfindən aydınlaşdırılmalıdır. Iş, mənəvi və maddi məmnuniyyətdən hansının daha üstün olduğu bilinməli və hər birinin mənfi və müsbət tərəfləri göz önündə olmalıdır. Valideyn bütün bunları uşaqla dialoq halında aydınlaşdırmalı və tək tərəfli monoloqa yer verməməlidir. Uşaq valideyn tərəfindən dinlənildiyini və onun fikirlərinə önəm verildiyini bilməlidir.

4) Lazım gələrsə valideyn uşağı düzgün qərar verə bilməsi üçün psixoloqa yönləndirməlidir. Uşağın qabiliyyətləri və hansı sahədə müvəffəqiyyət qazanacağı psixoloq və ya psixoterapevt tərəfindən şəxsiyyət keyfiyyətləri ölçülərək aşkarlana bilər.

5) Ailə uşağı körpəlik dövründən müşahidə etməli və qabiliyyətlərini daim analiz etməlidir. Beləliklə valideyn uşağın riyazi, görmə, emosional, sosial və təbii zəkaya sahib olub olmadığını ortaya çıxarmalı və uşağın özünü kəşf etməsinə kömək etməyə çalışmalıdır;

6) Məktəbdəki uğurlar və bacarıqlarından savayı uşağın seçimində ətraf-mühit faktoru da böyük rol oynayır. Uyğun bir mühit olmadıqda uşağın bacarıqları inkişaf etməz. Valideyn uşağın özünü tanıması, özgüvəninin artması və özünü dəyərli hiss etməsi və daim güvən altında olmasına çalışmaqla onun bacarıqlarını artıracaq və inkişaf etdirəcəkdir. Əsas güvən hissi formalaşan uşaq bütün bacarıqlarını ortaya qoya biləcək əks təqdirdə uşağın bacarıq və qabiliyyətləri itəcək və ya kəşf edilməmiş qalacaq.

7) Ailə uşağa uğur qazanmanın verdiyi hissi göstərməlidir. Uşaq bəzən başladığı bir şeydən tez imtina edə bilər. Əgər uşaq istəmədiyi bir şeydən imtina edərsə bu problem deyil və normaldır. Lakin bu istədiyi bir şeydirsə o zaman uşaq valydeynləri tərəfindən cəsarətləndirilməli, motivasiya verilməli və əhvalının düzəlməsində yardım etməlidir. Ailə uşağa keçdiyi çətinliklərin müvəqqəti olduğunu və bunların hər birinin onu uğura apardığını bildirməli və ən önəmlisi uşağa məğlubiyyəti qəbul etməyi də öyrətməlidir.

 

İxtisas seçimi prosesində valideynlərin etməməli olduğu bəzi məqamlar vardır, gəlin onlara birlikdə baxaq:

 

1) Yeniyetmələrdən edə biləcəyindən artığını istəmək yalnışdır. Bəzi ana-atalar yüksək motivasiyalı olurlar, uşaqların qazandığı hər bir uğurdan daha artığını tələb edirlər və bununla kifayətlənmirlər. Bu situasiyada uşaq öz bacarıqlarına və istəyinə fokuslana bilmir, daim valideynlərini məmnun etmək yollarını fikirləşir, nəticədə, yüksək stress altında qaldığından istədiyi peşəni seçə bilmir, valideynlərin tələb etdiyi yolda uğursuzluğa düçar olur və ömür boyu bədbin olurlar.

 

2) Valideynlərin etməməli olduğu digər bir səhv isə passiv olmaq və uşaqlara heç müdaxilə etməməkdir. Bu da doğru bir yanaşma deyildir. Uşaq valideynin nəzarətini uzaqdan hiss etməli və onun verdiyi güvən altında hərəkət etməlidir. Lakin bu müdaxilə uşağın işinə qarışma və onu idarə etmə formasında olmamalıdır.

 

Nəticə olaraq məktəb həyatında və ixtisas seçimində uşaq yalnız buraxılmamalı, bacarıqlarını kəşf etməsi istiqamətində araşdırma edilməli, necə bir həyat tərzində xoşbəxtlik tapacağı dəstəklənməli, qərarlar uşaqla birlikdə verilməli və son qərar uşağın öz öhdəsinə buraxılmalıdır.

 

Azərbaycan Uşaq Qaynar Xətt Xidməti

"Ümidli Gələcək" Sosial Təşəbbüslər İctimai Birliyi 

Abunə ol

Yenilikləri emailinizdə almaq üçün abunə olun.

Bizi Facebook-da izlə!