Previous Next

Uşaqların yalanları: səbəbləri və bununla nə edə bilərik?- adlı məqaləni Sizlərə təqdim edirik.

Uşaqların yalanları: səbəbləri və bununla nə edə bilərik?- adlı məqaləni Sizlərə təqdim edirik: 

Yalan danışmaq, uşağın ətrafdakı dünyaya uyğunlaşmasına imkan verən mexanizmidir.? Uşaq yalan danışırsa, bu ona nədənsə lazımdır. Bunun arxasında nə olduğunu başa düşmürsünüzsə, onu cəzalandırmağın bir mənası yoxdur. Uşağın yalan danışması, sizin aranızda olan münasibətinizdə nəyinsə düzgün olmadığını göstərir!

Düşünsək, ətrafımızda yalan danışmayan insan yoxdur. İnsanlar xoşagəlməz vəziyyətlərdən qaçmaq üçün və ya başqa bir səbəbdən yalan danışa bilər. Uşaqlar da həmçinin tez-tez yalan deməyə cəhd edirlər.  Onlar niyə yalan danışır? Valideynlər bununla bağlı nə etməlidirlər və yalan sərhədi keçibsə terapiyaya ehtiyac varmı?
Bu kimi bir sıra suallara bu məqaləmizdə cavab tapacaqsınız.

Bu məqaləni yazmadan öncə, 12 yaşlı uşaqların fikirlərini və yalan danışmağa nə sövq etdiyini soruşduq. Onlar 3 səbəbi göstərdilər:

✅xoşagəlməz bir hadisənin qarşısını almaq,
✅arzusuna çatmaq,
✅özünü daha yaxşı biri kimi göstərmək

Düşünürəm ki, hamımız bu cür düşünsək, çoxumuz eyni fikirlərlə qarşılaşacağıq! Lakin bunlar ümumi səbəblərdir və həqiqəti söyləməməyin daha fərqli səbəbləri mövcuddur. 

Uşaqların yalanları ilə effektiv mübarizə aparmaq üçün, bu yalanın səbəblərini daha dəqiq anlamaq lazımdır. Beləliklə, gəlin uşaqların nə səbəbdən yalan daşışmaları haqda daha geniş müzakirə aparaq.

Psixoloqlar deyir ki uşaqların yalan danışmaq səbəblərindən biri onların yeni ideyanı(yalanı) kəşf etmələri və bu yalandan sonra nəyin baş verəcəklərini görmək istəmələridir. Onlar sadəcə olaraq bu davranışı sınaqdan keçirtmək istəyirlər. "Görəsən, bu barədə yalan desəm nə olacaq?Bundan nə qazanacam? Bu məni nədən xilas edəcək və mənə nə verəcək?"

Klinik psixoloq, filosof olan Dr. Carol Brady, bir çox uşaqlarla işlədiyi üçün bildirib ki, uşaqlar impulsiv olduqları üçün yalan danışa bilərlər: "Bir çox uşaq impulsiv olduğu üçün ilk öncə danışıb, daha sonra isə düşünürlər, buna görə də valideynlərin çoxusu bu problemlə tez-tez qarşılaşacaq!".

Uşaqlar fantaziya ilə reallıq arasındakı sərhədi görmürlər:
Nəyisə sadəcə arzulamaqla dəyişə biləcəyinizə ümid etmisinizmi? Uşaqlar nəinki buna ümid edirlər, həm də bunun mümkün olduğuna inanırlar. Təxminən yeddi və ya səkkiz yaşa qədər uşaqlar reallıq və fantaziya arasında olan incə sərhəddi görmürlər. Onlar kinolarda olan qəhramanlara, sehirli heyvanlara və onların super güclərinə inanırlar və bunlara görə hesab edirlər ki, arzu etdiklərini, gerçəklik kimi qələmə vermək doğrudur.

Ayrıca olaraq qeyd edə bilərik ki, uşaqlar özünə qarşı hörmətin artması üçün və valideynlərin razılığını əldə etmək məqsədi ilə yalan danışa bilərlər. Özünə inamı olmayan uşaqlar daha istedadlı və bacarıqlı, başqalarının gözündə yaxşı görünmək üçün özləri haqqında olan məlumatları dəyişdirərək ətrafdakılara bildirə bilərlər.

Yeni reallığın qurulması: 
Davranışlarında problem olan, həyatlarında çətinlik çəkən uşaqlar antisosial şəxslər kimi böyüyürlər, təhqirlərə məruz qalırlar. Buna görə özlərini bu acı həqiqətdən xilas etmək üçün özlərinə ideal dünya yaradıb, hamının onları sevdiyini və uğur qazandığı xəyal edirlər. Daha sonra öz xəyallarını reallıq kimi qəbul etməyə başlayırlar. 
Valideynlər bu yalanlara qarşı nə edə bilərlər?

1-ci səviyyədə olan yalanlar: Diqqət çəkmək məqsədilə deyilən yalanlara gəldikdə, həmin yalanlara fikir verməmək ən yaxşısıdır. Uşağın üzərinə gedərək “Bu yalandır. Bilirəm ki, səninlə belə hadisə baş verməyib” deyib, uşağınızı cəzalandıraraq onu özünüzdən uzaqlaşdırırsınız. Daha yaxşı olardı ki, övladınıza qarşı yumşaq yanaşaraq ona nəyin doğru nəyin səhv olduğunu başa salasınız.
Bu cür hadisələr, xüsusən özünə inamı aşağı olan uşaqlarda daha çox müşahidə olunur. Misal üçün: Övladınız Sizə bildirir ki: “Bu gün futbol matçında 10 qol vurmuşam və hamı məni alqışladı”. Bir valideyn olaraq Siz bunun doğru olmadığını düşünürsünüzsə, o zaman Sizə təklif edə bilərdik ki, əlavə sual vermədən həmin kiçik və heç kimə zərər verməyən yalanlara diqqətinizi yönəltməyəsiniz.

2-ci səviyyədə olan yalanlar: Əgər bu metod işləməsə, valideynlər yumşaq bir töhmətlə uşağına bunu bildirə bilərlər. Əgər uşağınız Sizinlə danışaraq, söhbətdə yalanlardan istifadə edirsə, bu zaman valideyn yumşaq bir şəkildə deyə bilər ki: "Bu, danışdığın sanki maraqlı nağıldan bir hissədir, gəl bir daha cəhd edib mənə əslində nə baş verdiyini danış" Bununla Siz uşağınıza həmin söhbəti bir daha yalansız danışmağa vadar edirsiz.

3-cü səviyyədə olan yalanlar: Daha ciddi yalanla rastaşmısınızsa, məsələn, uşaq harada olduğunu və ya ev tapşırıqları haqda yalan danışırsa valideynlər daha sərt tədbirlərə keçə bilər. Uşaqlar başa düşməlidirlər ki, bu cür yalanların nəticələri var. Bu halda psixoloqlar qısa müddətli bir cəzanın tədbiq etməsini tövsiyə edir. Misal üçün: uşağın telefonunu bir saatlıq əlinən alın və ya ev işlərinə cəlb edin. Uşaq həftə ərzində ev tapşırığın olmamasını söyləyirsə və daha sonra valideyn ev tapşırığın verildiyini öyrənirsə, bunun bir cəsası olmalıdır. Bu halda valideyn uşaqla bir yerdə oturub bütün ev tapşırıqlarını görməlidir. Əgər başqa uşağı vurub, lakin bu barədə yalan danışıbsa, həm yalanın, həm də vurmağın nəticəsi cəza olmalıdır.
4-cü səviyyə yalan Əgər yalanın dərəcəsi artıq tüğyan edirsə və maarifləndirici tədbirlər kömək etmirsə? Aldatma ilə yanaşı, etirazlar və ya aqressiya ilə rastlaşırsınızsa, artıq davranış pozğunluğu haqqında düşünmək lazımdır. Bu hallarda, Siz xüsusi yardım proqramı olan bir mütəxəssislərlə əlaqə saxlayaraq bu haqda yardım istəyə bilərsiniz.

Valideynlər yalanla üzləşəndə bunları etməməlidir?
Uşağınızı küncə sıxmayın:
Uşağı küncə sıxsanız, o Sizə yalan danışa bilər. Psixoloqların bildirdiyinə görə, əgər Siz uşağın yalan danışmağını bilirsiniz və artıq həqiqəti öyrənmisinizsə, uşağınızla birbaşa müzakirəyə başlaya bilərsiz.
Misal üçün: Uşaqdan ev tapşırığını edib-etmədiyini soruşmaq əvəzinə sadəcə bunu deyə bilərsiz: “Mən bilirəm ki, sən bunu etməmisən. Gəl bunun niyə pis olduğunu danışaq”.

Uşaqlarınıza yalançı deməyin!
Psixoloqlar, uşağa yalançı adını qoymağın, böyük səhv olduğunu bildirirlər. Gələcəkdə uşaqda elə fikir yaranır ki: "Ana mənə inanmayacaq". Bu isə, övladınızın özünü pis hiss etməsinə səbəb olur. 
Sonda demək istərdim ki, yalan - uşağın bu dünyaya daha yaxşı uyğunlaşmasına kömək edən mexanizmidir. Uşaq yalan danışırsa, bunun arxasında onu anlamayan valideynlər dayanır. Bu halda övladınızı cəzalandırmağın mənası yoxdur.  Yalan uşaqla münasibətdə nəyinsə səhv olduğunun göstəricisi ola bilər. Bir valideyn olaraq Siz bu istiqamətdə düşünərək özünüzə sual verməlisiniz ki: “Aramızda hər şey qaydasındadır?” “Uşaq mənə etibar edə bilərmi?” Hər halda əvvəlcə bu davranışın nədən irəli gəldiyini öyrənin, anlayın, daha sonra hərəkət edin.

Azərbaycan Uşaq Qaynar Xətt Xidməti

"Ümidli Gələcək" Sosial Təşəbbüslər İctimai Birliyi 

Abunə ol

Yenilikləri emailinizdə almaq üçün abunə olun.

Bizi Facebook-da izlə!