04.11.2021-ci il tarixində Ümidli Gələcək Sosial Təşəbbüslər İB Unicef Azerbaijan ofisinin dəstəyilə icra etdiyi “Azərbaycan Uşaq Qaynar Xətt xidmətinin tanıtımı” layihəsi çərçivəsində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə əməkdaşlıqda Komitə nəzdində fəaliyyət göstərən Şüvəlan Uşaq və Ailələrə Dəstək Mərkəzində təlim keçirilmişdir.
Təlimin 20 oktyabr – 20 noyabr Uşaq Hüquqları aylığı ərəfəsində keçirilməsində əsas məqsəd uşaqlara qarşı zorakılığın hər bir növünə bir daha diqqət çəkmək, zorakılıq faktlarının aşkarlanması, erkən müdaxilə və preventiv tədbirlərin vacibliyi, zorakılıq halları ilə qarşılaşdıqda görüləcək təcili və təxirəsalınmaz fəaliyyətin icrası, yönləndirmə orqanları, təhsil müəssisələri, xəstəxanalar və xüsusilə uşaqlarla işləyən yerli qurumların birgə fəaliyyətinin əhəmiyyətini vurğulamaq idi.
Təlimdə “Zorakılığa məruz qalan uşaqlarla sosial-psixoloji reabilitasiya” və “Uşaqlara qarşı yönəlmiş zorakılığın təyini və cinsi zorakılıq” mövzularında təqdimatlarla çıxış etdilər. Təlimdə UADM-nin sosial işçi və psixoloqları, Xəzər rayonu üzrə orta məktəblərin psixoloqları, Xəzər Tibb Mərkəzinin tibbi personalı iştirak etmişdirlər. Qeyd edilən mövzular əsasında iştirakçılarla qrup işləri edilmiş və təlimin interaktiv şəkildə keçirilməsinə müvəffəq olunmuşdur.
Sonda iştirakçılar Azərbaycan Uşaq Qaynar Xətt xidmətinin fəaliyyəti, iş prinsipləri ilə tanış edilmiş, müraciətlər anonim saxlanılaraq onlar əsasında müzakirələr aparılmışdır. Həmçinin daha çox uşaq və valideynin qaynar xətt barədə məlumatlı olması məqsədilə iştirakçılara fəaliyyət göstərdikləri qurumlarda yerləşdirmələri üçün xidmətə məxsus çap materiallar təqdim edilmişdir