“Ümidli Gələcək” Sosial Təşəbbüslər İctimai Birliyinin sosial xidmət mərkəzlərində reabilitasiya prosesinə cəlb edilən yeniyetmələrə göstərilən dəstəyin davamı olaraq “LU-MUN Holdinq” və “Care Group LLC” şirkətlərinin təşəbbüsü ilə “Gənclərin peşə həyatına hazırlanması” sosial layihəsi başlanmışdır. Layihə çərçivəsində mərkəzdə qeydiyyatda olan uşaqlar da gələcəkdə özlərinə uyğun peşə bacarıqlarının inkişaf etdirilməsi məqsədi ilə təlimlərə cəlb olunmuşdur.
28.04.2022-ci il tarixində yeniyetmələr ilə ilkin peşə diaqnostikası edilmiş və 01.07.2022-ci il tarixində təlimlərə start verilmişdir. Qeyd edilən layihə çərçivəsində, tərəfimizdən yönləndirilən yeniyetmələr 3 ay ərzində, “Care Group” şirkətinin tərtib və idarə etdiyi xüsusi inkişaf proqramlarından keçərək, yeni peşəkar həyata addım atacaqlar.
İnkişaf proqramı bir neçə mərhələdən ibarət olacaq. Bu müddət ərzində iştirakçılar xüsusi testlərdən və diaqnostikalardan keçərək, öz bacarıqlarını, potensialını, biliklərini və istəklərini düzgün şəkildə müəyyənləşdirib, məhz bu peşəyə yiyələnmək üçün, xüsusi görüşlərdə, praktikalarda iştirak edəcəklər. Praktiki mərhələ peşəkarlar tərəfindən həm təlim, həmdə master klass formasında həyata keçiriləcək.
Bu proqram çərçivəsində gənclər Azərbaycanda mövcud sosial məşğulluq, müxtəlif peşə sahiblərinin özlərindən real nümunələr əsasında faydalı məlumat mübadiləsi və bunları real həyatda tətbiq etmə imkanı qazanacaqlar.
Layihənin reallaşdırılmasının əsas məqsədləri:
1. Gənclərə öz potensialını, bacarığını və məqsədlərini aşkarlamaqda dəstək olmaq və düzgün istiqamətə yönəltmək;
2. Gənclərin özünəinamını artırmaq;
3. Gənclərə peşə seçimində dəstək olaraq, real peşəyə sahib olmaqda kömək etmək;
4. Gənclərin cəmiyyətə reinteqrasiyasına müsbət töhfə vermək.
Birgə əməkdaşlıqda həyata keçirilən layihə çərçivəsində “LU-MUN Holdinq” və “Care Group” şirkətləri ilə əməkdaşlığın uğurlu olacağına inanır və bu layihənin nəticəsində yaxın gələcəkdə çox sayda yeniyetmənin öz arzuladığı peşəyə yiyələnəcəyinə əminik.
Layihənin reallaşmasında, peşə təlimlərinin təşkilində “Ümidli Gələcək” STİB hər zaman texniki dəstək göstərən BMT-nin Resurs Mərkəzinə dərin Təşəkkürümüzü bildiririk!