Uşaq qorxuları psixoloji problem kimi

Uşaq qorxuları psixoloji problem kimi

Qorxu insanın gündəlik yaşantısının vacib parçasıdır. İnsanın qorxması, qorxulu vəziyyətlər yaşaması, qorxunu hiss etməsi təbii bir haldır. Dünyada elə bir insan yoxdur ki, o, təhlükəli vəziyyətlərdən və ya hər nədənsə qorxmasın. Qorxu insanın təhlükəyə təbii reaksiyasıdır. Fobiya- qorxunun şəxsin gündəlik həyatına neqativ yöndə təsir edən və bu mənada nəzarətdən çıxmış halıdır. Fobiya- gerçəkdə qorxu yaratmayacaq bir obyektə, fəaliyyətə və ya vəziyyətə qarşı həddindən artıq qorxu duyma və qaçınma davranışında olmağa deyilir. Fobik pozuntular narahatlığın xarici yaşantılar və ya indiki anda təhlükəli olmayan obyektlər tərəfindən yaranmasıdır. Nəticədə bu yaşantılar qorxu hissi ilə müşayət olunur.Qorxunun yaş dinamikasını nəzərdən keçirdikdə görmək olar ki, müxtəlif yaş dövrlərində uşaqlarda qorxunun dinamikası olduqca fərqlidir.

Müxtəlif yaş dövrlərində uşaqlarda qorxunun dinamikası:

-         Uşağın 6-cı ayına qədər: Həqiqi mənada qorxu haqqında danışa bilmərik.

-         7 aylığında uşaq: Uzun müddət anasından ayrı qalanda artıq güclü narahatlıq keçirir. Belə qorxunun əsasında dayanan narahatlıq hissi dərk olunan reaksiyadır. Narahatlığın bu forması qızlarda 2,5 yaşa qədər, oğlanlarda 3 yaşa qədər maksimal səviyyədə ifadə olunur.

-         8 aylığında uşaq: Yad adamlardan, xüsusilə də anasına bənzəməyən qadınlardan qorxmağa başlayır. Bu adətən 2 yaşın ortalarınadək keçib gedir.

-         2 yaşda uşaq: Demək olar ki, uşaqların yarısı yad adamların yaxınlaşmasından, sərt səsdən, ağrıdan, hündürlükdə olmaqdan və tək qalmaqdan qorxurlar. Bu yaşda həmçinin uşaqlar heyvanlardan, xüsusilə itlərdən və hərəkət edən nəqliyatdan qorxa bilərlər.

-         3 yaşında: Cəzalanmaq qorxusu yaranır. Bu uşağın öz hərəkətlərinin nəticələrini necə başa düşməsini əks etdirir.

-         3 yaşdan 5 yaşa qədər olan uşaqlar: Personajlardan, sudan, nəqliyyatdan, təklikdən qaranlıqdan, nağıllardan və qapalı məkandan qorxurlar.

Uşaqlarda qorxuların yaranma səbəbləri:

-         Uşağın həqiqətən başına gəlmiş müəyyən bir ekstremal hadisə;

-         Qorxuların yaranmasına yol açan xarakter xüsusiyyətləri (narahatlıq, pessimizm, özünəinamsızlıq, başqalarından hədsiz dərəcədə asılılıq, qeyri-müstəqillik, fiziki və psixi cəhətdən qeyri-yetkinlik, uşağın ümumi somatik zəifliyi və hansısa xəstəliyi);

-         “Yatmasan şeytan gəlib səni aparacaq!” kimi qorxu vasitələri ilə tərbiyə;

-         Uşağın səbəbini aydınlaşdıra bilmədiyi hadisələrdən qorxması - ətraf aləmdən təəccüblənmə.

Bəzən isə qorxu başqa ciddi pozuntunun bir hissəsi ola bilər. Məsələn, şizofreniya xəstəsi olan uşaq 7 yaşını qeyd edərkən ölümə bir addım da yaxınlaşdığını düşünərək qorxur.

Uşaqda qorxu ilə yanaşı digər davranış pozuntuları – aqressivlik, yuxu pozuntusu, durğunluq da müşahidə olunursa, bunları nevrozun əlamətləri hesab etmək olar. Uşağın qorxuları qeyri-adidirsə, əgər uşaq onu hədələyən səslər eşidirsə, digər ailə üzvlərinin görmədiyi yerdə nəsə görürsə, belə qorxular ağır psixi xəstəliyin – şizofreniyanın göstəriciləri ola bilər.

Valideynlər uşaqlara öz qorxularını dəf etməkdə necə kömək edə bilərlər?

Bunun üçün hər bir valideyn öz tərbiyə üsulunu təhlil etməlidir. Valideyn üçün uşağın sağlamlığı daha vacib olmalıdır.

Valideynlər uşağın keçirdiyi bütün hisslərə ciddi yanaşmalı, onun qorxularını gülüş obyektinə çevirməməlidirlər. Uşağın yanında onun qorxuları barədə yad adama danışmaq düzgün deyil. Hər hansı bir iş görərkən sözərası uşağın qorxuları barədə danışmaq da olmaz. Bu problemi yemək hazırlayarkən və ya digər işləri görərkən həll etmək uşağa hörmətsizlikdir. Valideynlər uşağın məhz nədən və kimdən qorxduğunu aydınlaşdırmalıdırlar. Qorxduğu nəyisə və ya kimisə təsvir etmək olarmı? ( onun şəklini çəkmək olarmı?) Bu nəsə və ya kimsə ona nə edə bilər? O (onlar) əslində nə istəyir? Ondan (onlardan) gələn təhlükəni azaltmaq üçün nə etmək olar? Bütün bunlar üçün uşaqla birgə onun qorxularının şəklini çəkmək və alınan şəkillərdə qorxulu olmayan, hətta gülməli olan nəsə tapmağa çalışmaq lazımdır (lakin yalnız uşaq gülməlidir).

Uşağın qorxulu filmlərə baxmasına və qorxulu kitablar oxumasına yol vermək olmaz. Əgər uşaq uzun müddət hansısa xəstəlik səbəbindən xəstəxanada qalıbsa, bununla bağlı ağır zərbə alıbsa və bundan sonra qorxular yaranıbsa, bir müddət diqqət və qayğını artırmaq daha məqsədəuyğundur.

Uşağın qorxuları daha konkret olduqda, ( liftdən, qaranlıq otağa girməkdən qorxduqda) valideyn daha konkret tədbirlər görə bilər. Məsələn, qaranlıq otağa girməkdən qorxursa, bunu aradan qaldırmaq üçün valideyn “Yelləncək üsulu” nu tətbiq edə bilər. Bu zaman valideyn işıqlı dəhlizdə dayanır, uşağa tapşırıq verir ki, qaranlıq otağa qaçıb 3-ə qədər saysın, əlini divara vurub qayıtsın. Növbəti dəfə uşaq 5-ə qədər sayır. Beləliklə, qaranlıq otaqda qalma müddəti artır və uşaq hər dəfə qayıtdıqda əlini valideynin əlinə vurur və onun dəstəyini hiss edərək qorxunu dəf edir.

Yaranmış vəziyyətin öhdəsindən gələ bilmədikdə, valideyin müttləq gecikmədən, mütəxəssislə - uşaq psixoloqu ilə əlaqə yaratmalıdır.

 

Azərbaycan Uşaq Qaynar Xətt Xidməti

"Ümidli Gələcək" Sosial Təşəbbüslər İctimai Birliyi 

Abunə ol

Yenilikləri emailinizdə almaq üçün abunə olun.

Bizi Facebook-da izlə!