Previous Next

Xocalı Soyqırımı: Müharibələrin uşaqlara təsiri

Xocalı soyqırımı — 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərini işğal edərkən, etnik azərbaycanlılara qarşı baş vermiş soyqırımdır.

Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb. 1275 nəfər əsir götürülüb. Əsir götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.

Müharibənin ən çox təsir etdiyi təbəqə uşaq və yeniyetmələrdir. Müharibədən zərər görmüş uşaqlarda əsəb, kəkələmək,yuxu pozuqluğu, iştah pozuqluğu, inkişaf geriliyi, kabus görmə, günahkarlıq duyğusu, özünə qapılma, qaranlıqdan və ya xəyali varlıqlardan qorxma, səbəbsiz ağlama, ağrılar, səslərə qarşı həddindən artıq həssaslıq, məktəbə getməyi və dərs öyrənməyi rədd etmə, yoldaşları ilə əlaqələrdə pozulmalar müşahidə olunur. Yeniyetmələrdə isə antisosial davranışlar artır və özünə güvən duyğusu azalır. Gələcəyə aid plan qura bilmirlər.

Bu faciə bizim qan yaddaşımızdır və dövlətimizin bugünkü vəziyyətə necə gəldiyini bilmək hər bir kəsin borcudur.

Lakin müharibəni və onun fəsadlarını xüsusən uşaqlara danışarkən ehtiyatlı olmaq lazımdır. 3 yaşa qədər uşaqlara mənfi hadisələrin danışılması onların düşüncə tərzini zədələyərək qorxulu yuxuların görülməsinə səbəb ola bilər.

3-6 yaş arası uşaqlara isə müharibədən çox vətənpərvərlik, vətən sevgisi hissləri aşılanmalıdır. Xüsusi günlərdə keçirilən tədbirlərdə də bu istiqamətdə şeirlərin, səhnəciklərin hazırlanması məqsədəuyğundur.

Müharibələrin, insan və cəmiyyət psixologiyasına təsir etdiyi və narahatlığı artıraraq bir çox xəstəliklərə səbəb olduğu bəllidir. Bu istiqamətdə döyüşlərdə iştirak edən fərdlərə, mütləq mütəxəssis nəzarəti lazımdır. Başda dövlət orqanları olmaqla hər kəsin öhdəsinə bu mövzuda böyük vəzifələr düşür. Sağlam bir nəsil yetişdirə bilmək üçün həm müharibəylə qarşılaşan fərdlərimizə, həm də bilvasitə müharibədən təsirlənən hər kəsə, nizamlı bir şəkildə, psixososial dəstəklər verilməlidir. Mütəxəssislər istər Tv-lərdə, istərsə də hər-hansı toplantı zallarında bu mövzularda seminarlar verməli, insanlarda dözümlülüyü aşılamalı və onlara travmatik problemlərin öhdəsindən gəlmək yollarını öyrətməlidirlər.

Azərbaycan Uşaq Qaynar Xətt Xidməti

"Ümidli Gələcək" Sosial Təşəbbüslər İctimai Birliyi 

Abunə ol

Yenilikləri emailinizdə almaq üçün abunə olun.

Bizi Facebook-da izlə!