Previous Next

Yeniyetməlik dövründə valideynlər övladları ilə necə rəftar etməli?

Yeniyetməlik dövründə övladımla necə rəftar etməliyəm? Onun düzgün olmayan davranışlarına qarşı necə münasibət göstərməliyəm? Və s. kimi suallar yeniyetmə övladı olan valideynlər tərəfindən psixoloqlara ən çox ünvanlanan suallar arasındadır.

Məlum olduğu kimi yeniyetməlik uşaqların həyatının ən mühüm hissəsini əhatə edən keçid dövrüdür. Bu yaş dövründə uşaqlarda həssaslıq, gərginlik əsəbilik halları tez-tez müşahidə olunur. Yeniyetməlik dövrü qızlarda 10-11, oğlanlarda isə 12-13 yaşından başlayaraq, təqribən 16-17 yaşlarına qədər davam edir. Bu müddət bir il tez və ya gec başlaya, eləcə də bir il tez və ya gec bitə bilər.  Uşaqlar bu dövr ərzində özünü artıq tamamilə böyümüş, azad və sərbəst hiss etməyə başlayır. Oğlanlar özlərini daha çox atasına, qızlar isə anasına bənzətməyə çalışır. Bütün bunlar özünü onların geyimlərində və davranışlarında büruzə verir. Yeniyetmələr özlərini böyümüş hiss etdikləri üçün kənardan onlara gələn qadağaları, tənqidləri qəbul etmir, əksinə bu onlarda müəyyən neqativ hislər formalaşdırmağa başlayır. Bu səbəbdən də yeniyetməlik dövrünə qədəm qoyar-qoymaz əksər ailələrdə artıq valideynlərlə övladlar arasında anlaşılmazlıqlar, mübahislər başlayır.

Bəs valideynlər yeniyetmə övladları ilə necə münasibət qurmalıdır?

Yuxarıda qeyd etdiklərimizə əsaslanaraq, bu dövrü insan həyatının əsas başlanğıc hissəsi adlandırsaq yanılmarıq. Çünki insanların özgüvən duyğusu, özünəinam hissi yeniyetməlik dövründən etibarən tam formalaşmağa başlayır (əsası isə kiçik yaşlardan  qoyulur). Ona görə də yaxşı olar ki, valideynlər “yeniyetməlik psixologiyasını” nəzərə alaraq, övladları ilə münasibətdə düzgün davranış forması seçsinlər. Onların fikirlərinə, hislərinə və şəxsiyyətlərinə hörmət etsinlər (Sən hələ uşaqsan böyüklərin sözünə qarışma, öz işlərin ilə məşğul ol və s. kimi ifadələri işlətməkdən yayınmaq lazımdır).

Valideynlərin bəziləri belə düşünür: “Övladımın keçid dövrüdür,  buna görə də mən onun bütün istəklərini yerinə yetirməyə çalışıram ki, onunla aramızda problemlər yaranmasın”. Bu tamamilə yalnış fikirdir. Yeniyetməlik dövrü valideynlərdən övladlarının hər istədiyinə “hə” deməyi deyil, sadəcə onları düzgün başa düşərək, onlarla dost münasibəti qurmağı bacarmağı tələb edir. Onların bütün hərəkətlərinə bəraət qazandırsaq, istədikləri hər şeyi onlara versək biz övladlarımıza yaxşılıq yox, əksinə pislik etmiş olacağıq. Bu dövr ərzində valideynlərin üzərinə düşən əsas vəzifə övladları ilə dost olmağı bacarmaq və onlar səhv addımlar atdıqda təhqir etmək yox, etdikləri hərəkətin düzgün olmadığını başa salmaqdan ibarətdir. Eyni zamanda, etdikləri hərəkətin düzgün formasını uşaqlarımıza göstərərək, onların səhvlərini anlamalarına və növbəti dəfə daha düzgün qərarlar verməsinə kömək etmiş olarıq.

Azərbaycan Uşaq Qaynar Xətt Xidməti

"Ümidli Gələcək" Sosial Təşəbbüslər İctimai Birliyi 

Abunə ol

Yenilikləri emailinizdə almaq üçün abunə olun.

Bizi Facebook-da izlə!