Previous Next

Uşaqlarda asudə vaxtın səmərəli təşkili

Müasir dövrün vacib məsələlərindən biri də asudə vaxtın təşkili məsələsidir. Bir çox insanlar, xüsusən də, uşaqlar bu məsələdə çətinlik çəkir. Bu mövzuda cəmiyyətimizdə maarifləndirmənin az olması və eləcə də KiV-lərdə proqram və verilişlərin olmaması ciddi problemlərə gətirib çıxarır. Uşaqların asudə vaxtının səmərəli keçməsi, əsasən, valideynlərdən asılıdır. Bir çox hallarda uşaqlar asudə vaxtlarını müxtəlif oyunlar oynamaqla və yaxud internet şəbəkələrindən istifadə etməklə keçirir. Valideynlər çalışıb bu məqamlarda diqqətli olmalı və uşaqlarını daha çox real oyunlara cəlb etməyi bacarmalıdırlar. Çünki real oyunlar əsasında uşaqlarda tarixi biliklərə yiyələnmək, vətənpərvərlik hisslərini aşılamaq, həmyaşıdları ilə ünsiyyətin qurulması, cəmiyyətə və eləcə də kollektivə adaptasiya olması kimi prosesləri formalaşdırmaq olar. Ümumilikdə, uşaqların asudə vaxtlarının səmərəli təşkili valideyn nəzarəti altında olmalıdır. Həmçinin uşaqları istəmədikləri fəaliyyətə məcbur etmək, yaxud sevdiyi fəaliyyətdən uzaq tutmaq düzgün deyil. Çalışmaq lazımdır ki, onlar sevdikləri fəaliyyətlə məşğul olsunlar. Bəlkə də onların sevdiyi işi görmələrinə mane olaraq gələcəyin rəssamının, musiqiçisinin, memarının qol-qanadını qırmış oluruq. Bu baxımdan hər bir valideyn öz övladını tanımalı və onu yaxşı analiz etməyi bacarmalıdır. Kiçik yaşlardan valideynlər xüsusən övladlarını müşahidə etməli və onların maraq dairəsini aşkarlamalı və onlara bu istiqamətdə yardımçı olmalıdırlar.

Uşaqların asudə vaxtının təşkilində valideyn nəzarəti olmazsa o zaman uşaqlar müxtəlif pis vərdişlərə yiyələnə bilər, sosial təhlükəli qruplara qoşula bilər, təhsildən yayına və eləcə də müxtəlif cinayət tipli hadisələr törədə bilər. Bu halların qarşısını almaq üçün uşaqlarda ailə bağı gücləndirilməli və həmçinin asudə vaxtın səmərəli təşkil oluması üçün düzgün istiqamət verilməlidir. Uşaqların vaxt bölgüsünün təşkili valideynlərin bir tərəfdən mənəvi borcudursa, digər tərəfdən ölkəmizin qanunları ilə onların üzərinə qoyulmuş bir vəzifədir ki, buna sosial məsuliyyət deyirlər. Valideynlər bu vəzifələri yerinə yetirmədikdə və ya düzgün yerinə yetirmədikdə həm qanun, həm də cəmiyyət qarşısında məsuliyyət daşıyırlar.

Uşaqlarda güclü tərəflərin – yəni maraq dairəsində olan məsələlərin aşkarlanması onları asudə vaxtının səmərəli keçirilməsi üçün açar rolunu oynayır. Valideynlərin ən əsas diqqətli olmalı olduqları mövzu, məhz onların övladlarını hansı peşədə görmək istədikləri deyil, övladları özləri hansı peşənin sahibi olmaq istəmələridir. Bu baxımdan onlara azadlıq verilməli və daim dəstək olunmalıdır.

 

Azərbaycan Uşaq Qaynar Xətt Xidməti

"Ümidli Gələcək" Sosial Təşəbbüslər İctimai Birliyi 

Abunə ol

Yenilikləri emailinizdə almaq üçün abunə olun.

Bizi Facebook-da izlə!