Previous Next

“Riskli davranışa meyilli uşaqlar” məqaləmizi təqdim edirik

Kiçikdən böyüyə bizi, Azərbaycan Uşaq Qaynar Xətt xidmətini izləyən dəyərli dostlarımız, bugün Sizlərə yeni bir məqaləmizi təqdim edirik.

Ümid edirik, bu məqaləmizdə həm siz, həm də övladlarınız üçün maraqlı və əhəmiyyətli olacaq. Sizlərə övladlarınızla birgə xoş mütaliələr.

Riskli davranışa meyilli uşaqlar
 
Uşaqların riskli davranışa meyilli olmasının səbəbləri nədir?
Uşaqların riskli davranışa meyilli olmasının başlıca səbəbləri ailə və təhsil müəssisələrinin uşaqlar üzərində nəzarətsizliyi və baxımsızlığı, eləcə də ətraf mühitin təsiridir. Ailələr uşağa qayğı və diqqət göstərməlidir. Bunu görməyəndə, uşaq ailədən yayınacaq və kənar təsirlərə düşəcək. Bəzi ailələrdə valideynlərin uşaqlarla az ünsiyyətdə olması, onlara az diqqət ayırması ilə əlaqədar uşaqların həyatlarında müəyyən boşluqlar olur. Uşaqlar onlara maraqlı olan suallara cavabı sosial şəbəkələrdən və yaxud digər məfhumlardan tapırlar. Cinayətkar qruplar da məhz bu boşluqdan istifadə edərək uşaqları özlərinə tərəf cəlb edirlər. Buna görə də burada ən vacib məsələ valideynlərin gözüaçıq olmasdır.

Ailənin rolu...

Uşaqların zərərli vərdişlərə meyillənməsi və onların üzərində nəzarətin olmaması sonda çox təəssüf ki, onları narkotik istifadəçilərinə və onun ağır formalarına gətirib çıxarır. Burada əsas məqam ailə nəzarətinin olmaması, və ya valideynlərin uşağa nəzarətetmə qaydalarını bilməməsidir. Eyni zamanda, uşaqlara məktəbdə nəzarətin olmaması, onların asudə vaxtının düzgün təşkil edilməməsi uşaqları pis yola sürükləyir. Bəzən valideynlər uşaqların spirtli içkidən və ya siqaretdən istifadəsinə əyləncə kimi baxır, amma çox təəssüf olsun ki, bu, sonradan davamlı pis vərdişə çevrilir.

Bəs uşaq cinayətləri hansı hallarda baş verir?

Ailədə maddi vəziyyətin aşağı səviyyədə olması, uşaq üzərində sərt davranışlar (döymək, incitmək) uşaqları cinayətə istiqamətləndirir. Uşaq cinayətləri ən çox çoxuşaqlı yoxsul ailələrdə, ailədə cinayət törətmiş şəxslərin olması zamanı, yarımçıq ailələrdə, psixotrop maddə istifadəçisi olan ailələrdə baş verir. Eyni zamanda, ailədə uşağa daşıya biləcəyindən artıq yükün verilməsi, filmlər və s. bu kimi vasitələr uşaqlarda cinayət ruhu yaradır. Ailələrin maddi durumu, ailədəki sosial çətinliklər valideynlərin övladlarına lazımi diqqət, qayğı göstərməsinə, onların düzgün tərbiyə olunmasına imkan vermir. Diqqətdən, qayğıdan məhrum olan uşaqlar kənar təsirlərə tez düşür, kriminal qruplaşmalara qoşulurlar.
Statistik göstəricilər..
2020-cil ilin statistik göstəricilərinə əsasən Azərbaycanda ümumi olaraq 388 nəfər 14-17 yaş arası yetkinlik yaşına çatmayan cinayət törətmiş şəxslər var. Onların 207 nəfəri cəzaçəkmə müəssisəsindədir.

Qarşısını necə almaq olar?

Uşaq cinayətlərinin qarşısını almaq üçün ailələr daha diqqətli olmalıdır. Uşaqlara düzgün tərbiyənin verilməsi və düzgün nəzarətin olması uşağı cinayətlərdən qoruya bilər. Bəzən valideynlər düzgün tərbiyə deyəndə uşaqları döyməyi, incitməyi, sərt davranmağı başa düşürlər. Bu artıq özü bir zorakılıqdır və uşağa qarşı zorakılıq etməklə onu tərbiyə etdiyini düşünən valideynlər, artıq onların riskli davranışa meyilli insan kimi yetişməsinin fərqinə varmır. Düzgün tərbiyə uşağı qarşına alıb başa salmaqdır, ona hərəkətlərinlə nümunə olmaqdır. Bir uşağı normal tərbiyə edib böyütmək, gələcək cəmiyyətin müqəddəratını həll edə bilər.

Cəmiyyət öz evimizdən, ailəmizdən başlayır!

Azərbaycan Uşaq Qaynar Xətt Xidməti

"Ümidli Gələcək" Sosial Təşəbbüslər İctimai Birliyi 

Abunə ol

Yenilikləri emailinizdə almaq üçün abunə olun.

Bizi Facebook-da izlə!